2017-05-06 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Xəbərlər

2017 May

Mayın 5-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun, “Qara və Xəzər dənizi regionu ölkələri hüquqşünasları” Assosiasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktik yanaşmalar” mövzusunda respublika elmi-nəzəri konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə konfransı açaraq çıxış üçün sözü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə verib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sistemində yeni təminatlar müəyyənləşdirilib. Bütün bu addımlar bir çox beynəlxalq hüquq normalarının Azərbaycanda milli qanunvericilik sisteminə inteqrasiya etməsinə yol açıb. Mövzunun aktuallığını qeyd edən F.Abdullayev demokratik dövlət quruculuğunda, ölkəmizdə bütün sahələrdə inkişafın əsasında Ulu Öndərin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb. Diqqətə çatdırıb ki, müasir Azərbaycanın tərəqqisi yolunda önəmli amillərdən biri də 1995-ci ildə Konstitusiyanın qəbulu olub.

Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin inkişafı istiqamətində görülən işlər üçün hər zaman bazis rolunu oynayıb. Konstitusiyadan irəli gələn fundamental dəyərlər ölkəmizin inkişaf etmiş, müasir və sivil dövlətlər birliyinin tamhüquqlu üzvü olması üçün önəmli əsas yaradıb.

Fərhad Abdullayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan müasir dünyada demokratik hüquq sistemində mövcud olan mütərəqqi yanaşmaların qanunvericiliyə daxil edilməsi ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təminatının genişləndirilməsinə yönəlib.

Daha sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə çıxış edərək Ulu Öndərin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb. O, xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin ən böyük amalı və məqsədi dövlətimizin müstəqilliyinin əbədi olması, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin qurulması idi.

Aytən Mustafazadə vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra insan hüquq və azadlıqlarının təmini sahəsində beynəlxalq təcrübəyə əsaslanan tamamilə yeni qanunvericilik sistemi işlənib hazırlanıb. Belə ki, bütün köhnə normativ-hüquqi baza yenilənib, zəruri hüquq institutları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaranıb. Həmçinin MDB məkanında ilk insan hüquqları üzrə akademik institut yaradılaraq onun qarşısında bir sıra vəzifələr qoyulub. İnsan hüquqları ilə bağlı qanunvericilik aktları üzrə bir sıra təkliflər, yeni qanun layihələri, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanun layihəsi məhz İnsan Hüquqları İnstitutunda hazırlanaraq Milli Məclisə təqdim edilib.

Sonra HİHİ-nin elmi işlər üzrə direktor müavini, professor Nazim Cəfərlinin “Heydər Əliyevin dövlətçilik konsepsiyasının bəzi məsələlərinə dair”, Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyevin “Bərabərlik hüququnun bəzi aspektləri”, HİHİ-nin dövlət və konstitusiya hüququ şöbəsinin müdiri, hüquq elmlər doktoru Ayxan Rüstəmzadənin “Pozulmuş hüquq və azadlıqların müdafiəsində vəkillik və nümayəndəlik institutunun funksiyası”, Konstitusiya Məhkəməsi Aparatının konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədovanın “Konstitusiya hüquq düşüncəsi və hüquqi mədəniyyət” və Konstitusiya Məhkəməsi Aparatının beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Babayevanın “Demokratik cəmiyyətdə insan hüquq və azadlıqlarının müdafiəsi, normativ-hüquqi aktların təhlili” mövzularında məruzələri dinlənilib. Natiqlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən sistemli və gələcəyə hesablanmış islahatların aparılmasından danışıblar.

Konfrans işini müzakirələrlə davam etdirib.