2016-11-12 Konstitusiya Məhkəməsi Konstitusiya Gününə həsr olunmuş hüquq olimpiadası keçirib

Xəbərlər

2016 Nov

1995-ci il noyabrın 12-də özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul edib.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.

Konstitusiya aliliyini təmin edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəlməsinə, hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, konstitusiya nəzarətinin mahiyyətini, əsaslarını və prinsiplərini daha da dərindən öyrənmələrinə daim diqqət yetirir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi mütəmadi olaraq 12 noyabr -Konstitusiya Günü və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görərək, hər il Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadası təşkil edir. Hüquq olimpiadaları Bakı, Gəncə və Sumqayıt şəhərlərində, Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Astara, Masallı, Lerik, Quba, Xaçmaz, Şabran və Qusar rayonlarında keçirilib.

Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası bu il Bakı şəhərinin Xəzər rayonunda təşkil edilib. Təhsil Nazirliyi və rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən olimpiadada 31 məktəbdən 620 şagird iştirak edib, qaliblər müəyyənləşdirilib.

Olimpiadanın yekunları ilə bağlı Xəzər rayonunun mədəniyyət mərkəzində tədbir keçirilib. Tədbirdə rayonun vəzifələri şəxsləri, təhsil müəssisələrinin müəllim və şagird kollektivləri iştirak ediblər. Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədrinin Təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb və olimpiadanın nəticələrini elan edib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev çıxış edərək olimpiada iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib, Olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bu bilik yarışının şagirdlərin həyatında mühüm rol oynadığı qeyd olunub, olimpiada iştirakçıları arasından ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyinə əminlik ifadə edilib.

Tədbirin sonunda olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.