2016-05-19 Konstitusiya Məhkəməsinin sədri Rusiyada beynəlxalq konfransda iştirak edib

Xəbərlər

2016 May

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Müasir konstitusiya ədliyyəsi: perspektivlər və çağırışlar” mövzusunda IV Peterburq beynəlxalq hüquq forumu çərçivəsində keçirilən konfransda iştirak etmək üçün mayın 16-17-də Sankt-Peterburqda səfərdə olub.

Beynəlxalq konfransın rəsmi açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Konstitusiya Məhkəməsinə ünvanlanmış təbrik məktubu oxunub.

Sonra Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin çıxış edərək Rusiyanın konstitusiya nəzarəti orqanının son illərdə qəbul etdiyi mühüm qərarların təhlilini konfrans iştirakçılarının diqqətinə çatdırıb, beynəlxalq məhkəmələrlə qarşılıqlı əlaqələrə toxunub.

Konfransın praktiki işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Almaniya, İspaniya, Belçika, Portuqaliya, İsveçrə, Monteneqro, Belarus, Qazaxıstan, İndoneziya, Koreya Respublikası və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında təmsil etdikləri ölkələrdə konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı bir çox hüquqi məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Çıxışlarda, həmçinin hakimlərin müstəqilliyi və qərəzsizliyi, konstitusiya şikayətlərinə baxılması üsulları, beynəlxalq hüququn konstitusiya ədalət mühakiməsindəki yeri, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsinin vacibliyi qeyd olunub.

Konfransda çıxış edən sədr Fərhad Abdullayev qanunvericiliyin təkmilləşdirilməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rolu, qəbul edilmiş bir sıra qərarlarda əks olunan hüquqi mövqeləri, habelə məhkəmə təcrübəsinin yeni yanaşmalarından danışıb.

Səfər çərçivəsində Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatının rəhbərliyi ilə görüşlər keçirilib, Konstitusiya ədalət mühakiməsi sahəsində məhkəmə təcrübəsi və məhkəmə-hüquq əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib.