2016-05-06 Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Konstitusiya Məhkəməsində tədbir keçirilib

Xəbərlər

2016 May

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mayın 6-da Konstitusiya Məhkəməsində tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən söhbət açıb. Bildirib ki, XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycana rəhbərlik etmiş bu dahi şəxsiyyətin adı xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunub.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın keçmiş SSRİ-yə üzv respublikalar arasında geri qalan ölkədən çiçəklənən diyara çevirməsi istiqamətində misilsiz xidmətlərindən söz açan F.Abdullayev qeyd edib: “Azərbaycan müstəqilliyin bərpasından sonrakı ilk illərdə hərbi təcavüz, torpaqların 20 faizinin işğal olunması, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik, orduda nizam-intizamsızlıq və digər problemlərlə qarşı-qarşıya qalmışdı. Belə bir məqamda qətiyyət və güclü siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmsil edə biləcək güclü siyasi liderə ehtiyac yaranmışdı. Məhz belə bir şəraitdə Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və dövlətimizin həyatının bütün sahələrində genişmiqyaslı islahatların aparılmasına imkan yaratdı. Bu dövrdən başlayaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi”.

Ümummilli Liderin ölkəmizdə neft strategiyasının əsasının qoyulmasında, dünya azərbaycanlılarının həmrəyliyində böyük xidmətlərini vurğulayan sədr sonrakı dövrlərdə iqtisadiyyatımızın sürətlə inkişaf etdiyini, bütün sahələrdə ardıcıl uğurlar qazanıldığını diqqətə çatdırıb.

Fərhad Abdullayev vurğulayıb ki, bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması olub. Ümummilli Liderin zəngin təcrübəsi əsasında hazırlanan Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 20 illik yubileyinin ötən il təntənəli şəkildə qeyd edildiyini deyən F.Abdullayev bildirib: “Bu gün Ulu Öndərin bizə miras qoyduğu müstəqil və hüququ dövlətdə yaşamağımız, dünyada inkişaf etmiş ölkələr sırasında olmağımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət məhz Əsas Qanuna – Konstitusiyaya əsaslanır”.

Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət nəticəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq miqyasda özünə layiqli yer tutduğunu, dünyanın inkişaf etmiş ölkələri sırasında qərarlaşdığını söyləyib.

Böyük Vətən müharibəsində iştirak edən veteranlara ulu öndər Heydər Əliyevin hər zaman yüksək diqqət və qayğı göstərdiyini bildirən Konstitusiya Məhkəməsinin sədri məhz dahi rəhbərin təşəbbüsü ilə faşizm üzərində Qələbənin ölkəmizdə geniş qeyd edilməsinə başlandığını vurğulayıb. Aprel ayında təmas xəttində Ermənistanın təxribatçı hərəkətlərinə və atəşkəs rejimini pozması hallarına toxunan F.Abdullayev deyib ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində bu gün ən müasir tələblərə cavab verən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu gün beynəlxalq ictimaiyyət də bu məsələdə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. “Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında yerli əhali və hərbçilərimizlə görüşməsi, Ali Baş Komandanın çıxışı xalqımızda sonsuz ruh yüksəkliyi yaratdı. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz torpaqlarımızın tezliklə işğaldan azad olunması uğrunda yeni qələbələr qazanacaq”, – deyə F.Abdullayev vurğulayıb.

Konstitusiya Məhkəməsinin sədri deyib ki, dahi şəxsiyyət Heydər Əliyevin mənalı həyatı hər birimiz üçün əvəzsiz örnəkdir. Ulu öndər Heydər Əliyevə məxsus olan həmin mənəvi dəyərlərə bütün xalqımız, o cümlədən Konstitusiya Məhkəməsinin əməkdaşları da sadiqdirlər.

F.Abdullayevin məruzəsindən sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi fəaliyyəti ilə bağlı AZƏRTAC-ın hazırladığı sənədli filmə baxıblar.