1-2 dekabr tarixlərində Bakı Dövlət Universitetində (BDU) “Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20-ci, BMT-nin və UNESCO-nun yaradılmasının 70-ci, Avropa Konvensiyasının qəbulunun 65-ci ildönümünə həsr olunub.
Müvafiq qurumların nümayəndələrinin, Azərbaycan, Almaniya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini xatırladan rektor ölkənin Əsas Qanununun hazırlanmasında və qəbul edilməsində ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışıb.
Bakı Dövlət Universiteti ilə Almaniyanın Vürzburq Universiteti arasındakı əlaqələrdən söz açan akademik A.Məhərrəmov bu əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə Konstitusiya Gününün geniş qeyd olunmasının əhəmiyyətini xatırladıb, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan F.Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının əhəmiyyətini, respublikamızda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda qazanılan uğurları diqqətə çatdırıb.
Vürzburq Universitetinin prorektoru, professor Ekxard Paxe, BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev konfransın səmərəli olacağına əminliklərini vurğulayıblar.
Sonra Azərbaycandan və xarici ölkələrdən olan alimlərin “Avropa dəyərləri və Avropa hüquq düşüncəsi”, “Avropa İttifaqı hüququnun aktual məsələləri” və digər mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.