2015-11-10 Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 20 il keçir

Xəbərlər

2015 Nov

“Konstitusiyanın qüvvədə olduğu 20 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində böyük təcrübə toplanmış, bu sənəddə əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin, yüksəkrəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir… Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.  

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına təbrik məktubundan

Bu günlərdə müstəqil Azərbaycan dövlətinin tarixində çox mühüm hadisənin – ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illik yubileyi geniş qeyd olunur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur.

Müstəqil Azərbaycan dövlətinin Əsas Qanununun hazırlanması və qəbul edilməsi, ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Azərbaycan dövləti üçün çətin sınaq illərində məhz ulu öndər Heydər Əliyev ölkə vətəndaşlarını azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, ölkədə hökm sürən anarxiya və qeyri-sabitliyə son qoymağa müvəffəq oldu, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların reallaşdırılmasına başlanıldı.

Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi kimi aparılmış hüquqi islahatlar çərçivəsində yeni Konstitusiyanın qəbul edilməsi müstəsna əhəmiyyətli hadisə olmuşdur. Konstitusiya Azərbaycanın gələcək inkişafının konseptual əsaslarını və prioritetlərini müəyyən edərək ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm hüquqi zəmin yaratmışdır.

Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Azərbaycanın gələcək inkişafı və dövlətçiliyi baxımından mühüm əhəmiyyət kəsb edən yeni Konstitusiya layihəsinin hazırlanması yüksək səviyyədə təşkilatçılıq işi və ciddi məsuliyyət tələb edirdi. Öz uzaqgörənliyi və müdrikliyi ilə bunu yaxşı başa düşən ulu öndər Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan komissiyaya bilavasitə sədrlik etmişdi. Komissiyaya qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, ölkə ictimaiyyətinin tanınmış simaları – alimlər, peşəkar hüquqşünaslar, elm və mədəniyyət xadimləri da daxil idilər. Ümummilli lider Heydər Əliyev komissiyanın bir neçə ay ərzində fəaliyyəti zamanı Konstitusiya layihəsinin hazırlanmasına dair öz dəyərli tövsiyələrini vermiş, onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf etmişdir.

Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş son iclasında çıxışı zamanı ulu öndər Heydər Əliyev bu sənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşdığını xüsusi vurğulayaraq demişdi: “Komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq”.

Qeyd edilməlidir ki, ölkəmizin Əsas Qanunu hazırlanarkən ümumbəşəri dəyərlər və ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların müasir inkişaf meyilləri də nəzərə alınmış, onlar Azərbaycanın milli maraqları, tarixi keçmişindən irəli gələn dövlətçilik ənənələri və milli mənəvi dəyərləri ilə zənginləşdirilmişdir. Ölkə Konstitusiyasının Preambulasında qeyd edildiyi kimi, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin olunmasını arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq və suveren hüququndan istifadə edərək ümumxalq səsverməsi – referendum yolu ilə Konstitusiyanı qəbul etdi.

Birmənalı deyə bilərik ki, Konstitusiya ölkəmizdə xalqla onun lideri arasında vəhdətin daha bir bariz nümunəsi oldu, onun normaları, ideya və prinsipləri həm Azərbaycanın milli maraqlarına və xalqımızın çoxəsrlik ənənələrinə, həm də beynəlxalq hüququn ümumqəbul olunmuş prinsiplərinə uyğun olmaqla ölkəmizin demokratik prinsiplər əsasında sabit yaşamasını təmin edən möhkəm özülə çevrildi.

Dövlət quruculuğuna dair müasir doktrinal yanaşmalara əsaslanan Konstitusiya ölkəmizdə siyasi, iqtisadi və sosial münasibətlər sisteminin fundamental prinsiplərini və müddəalarını müəyyən edir. Ölkə Konstitusiyasının hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət ideyası, insanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər olması fikri təşkil edir, müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi dəyərlər bu ümummilli əhəmiyyətli sənəddə geniş şəkildə əksini tapmışdır.

Demokratik dövlətlərdə Konstitusiya hüquq sisteminin özəyini, əsasını təşkil edir, cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, bəzi hallarda hətta milli barışığın qarantı kimi çıxış edir. Vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, dövlət və ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, bütövlükdə dövlətin fəaliyyət və gələcək inkişaf konsepsiyasını və prioritetlərini müəyyənləşdirən konstitusiyalar bu gün demək olar ki, bütün dövlətlərin əsas qanunu kimi çıxış edir.

Bu baxımdan, ölkə Konstitusiyasının qəbul edilməsi sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də Azərbaycanın inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə siyasi sistemin mərkəzində insanın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. İnsanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər kimi qəbul olunması Azərbaycanın Əsas Qanununun, onun norma və müddəalarının başlıca qayəsini təşkil edir.

Ölkə Konstitusiyasının ən yüksək hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik nailiyyətlərin qorunmasına xidmət edir.

Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən ideya və dəyərlər geniş şəkildə öz əksini tapıb. Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir.

Konstitusiya Azərbaycanın konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Əsas Qanuna əsasən xalqımızın vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir və Azərbaycan Respublikası ölkə vətəndaşlarının ümumi və bölünməz vətənidir.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edilməsi, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmasının xüsusi vurğulanması müstəsna əhəmiyyət kəsb edir. Bu, onu göstərir ki, Əsas Qanun ictimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyət tələblərindən yanaşaraq, dövlətin hər hansı mücərrəd maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Konstitusiyada, həmçinin ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşması, siyasi sistemdə plüralizmə təminat verilməsi, beynəlxalq hüququn milli qanunvericilik (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) üzərində üstünlüyü kimi əhəmiyyətli ideya və normalar təsbit edilmişdir.

Konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası ölkə Konstitusiyasında geniş əksini tapmışdır. Əsas Qanunda qeyd edildiyi kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.

Hər bir demokratik cəmiyyətin əsasını insan hüquqları və azadlıqlarının tanınması və onların real təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı və çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür. Bu mənada əminliklə deyə bilərik ki, bəşəriyyətin uzun illər ərzində nail olduğu əhəmiyyətli dəyərlərdən olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmlərinin geniş şəkildə təsbit olunması Konstitusiyamızın ən mühüm nailiyyətlərindən biridir. Bu, həm də Azərbaycanın demokratiya ideallarına və bəşəri dəyərlərə sadiqliyinin göstəricisidir.

Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquqlar və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının geniş siyahısı təsbit edilməklə yanaşı, həmin hüquqları və azadlıqları gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olaraq müəyyənləşdirilmişdir.

Məlum olduğu kimi, Konstitusiyanın əsas hüquqi əlamətlərindən biri onun sabitliyidir. Konstitusiya – məzmunu sabit olan, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş aktdır. Konstitusiyanın sabitliyi ölkədə qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Bununla belə, ictimai münasibətlərin inkişafı prosesi, cəmiyyətdə və dövlətdə baş verən dəyişikliklərlə bağlı zərurət yarandıqda konstitusiyaların da təkmilləşdirilməsini, onlara müəyyən əlavələrin və dəyişikliklərin olunmasını labüd edir. Bu da təsadüfi deyil, çünki Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişə bilər.

Bu baxımdan, ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunması konstitusiya islahatlarının aparılmasını, Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri etmişdi. Bu zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiya islahatları Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin daha da genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə olunması məqsədlərinə xidmət etmişdir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində reallaşdırılan irimiqyaslı islahatlar öz əsasını və mənbəyini məhz Konstitusiyadan götürmüş, Əsas Qanunda təsbit edilmiş prioritetlər, prinsip və istiqamətlər ölkəmizdə güclü sosial dövlətin qurulmasına, hüquqi, iqtisadi və digər islahatların həyata keçirilməsinə, dövlət hakimiyyəti orqanlarının, o cümlədən məhkəmə hakimiyyətinin müasir tələblərə uyğun təşkilinə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli müdafiə mexanizmlərinin formalaşdırılmasına möhkəm hüquqi zəmin yaratmışdır.

Konstitusiyanın qəbulundan keçən 20 il Azərbaycan dövlətinin ümumbəşəri dəyərlərə, hüquqi dövlət ideallarına, ədalət və humanizm prinsiplərinə sadiqliyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq əzmini nümayiş etdirdi. Ötən 20 ilin təcrübəsi göstərir ki, Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasını məhz Konstitusiyada əksini tapan demokratik, hüquqi, sosial dövlət ideyası təşkil etmiş, konstitusiya dəyərlərinin həyata keçirilməsi, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət aparılmışdır.

Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət sayəsində Azərbaycan dövləti daha da qüdrətlənmiş, yüksəkrəqabətli iqtisadiyyatın qurulması mümkün olmuş, ölkəmiz regionun aparıcı dövlətinə və dünya miqyasında etibarlı tərəfdaşa çevrilmişdir.

Konstitusiyanın 20 illiyinin geniş qeyd edilməsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz töhfəsini verərək bu il oktyabrın 2-də “Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Konfransda Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbərləri və nümayəndələri, habelə xarici ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Monteneqro, Qazaxıstan, Gürcüstan, Belarus, Latviya, Serbiya, Slovakiya və digər dövlətlərin Konstitusiya məhkəmələrinin sədrləri və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, Avropa Şurası Venesiya Komissiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları, ölkəmizin hüquq ictimaiyyətinin nümayəndələri iştirak etmiş və Konstitusiya məhkəmələri tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi məsələləri ətrafında geniş elmi-praktiki fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlanmış təbrik məktubunda Konstitusiya Məhkəməsinin fəaliyyəti yüksək qiymətləndirilərək qeyd edilmişdir: “Konstitusiya müddəalarının aliliyinin və onların təkamülünün təmin edilməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Ali konstitusiya ədalət mühakiməsi orqanı qismində Konstitusiya Məhkəməsi ölkəmizin hüquq sisteminin inkişafına öz töhfəsini verir, hüquqi tənzimləmə məsələləri üzrə müsbət təcrübə formalaşdırır, konstitusiya nəzarəti funksiyalarını yerinə yetirməklə Konstitusiyanın birbaşa tətbiqini həyata keçirir”.

Ümumiyyətlə, qanunvericilik sistemində və hüquqtətbiqetmə təcrübəsində Konstitusiyanın və konstitusiya dəyərlərinin aliliyinin təmin edilməsi ictimai münasibətlərdə barışığa nail olmağa, qanunçuluq rejiminin bərqərar edilməsinə, dövlət orqanlarının və vətəndaşların Konstitusiyaya müvafiq fəaliyyət göstərmələrinə şərait yaradır, hüquq isə mühüm sosial tənzimləmə vasitəsinə çevrilir. Bu isə öz növbəsində, ölkənin konstitusiya dəyərləri vasitəsilə inkişafına nail olmağa imkan verir.

Hüquqi dövlətin təməlini qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi təşkil edir. Bu baxımdan, Konstitusiyanın aliliyinin və onun müddəalarının təkamülünün təmin edilməsində, hər kəsin Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının müdafiəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Qeyd edilməlidir ki, müasir dünyada konstitusiya nəzarəti institutu hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquqları və azadlıqlarının müdafiəsinin və hüququn aliliyinin təmin edilməsinin əvəzedilməz mexanizmlərindən biri kimi qəbul olunur. Konstitusiya ədalət mühakiməsi cəmiyyətə və onun inkişafı prosesinə əhəmiyyətli təsir göstərir, ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində Konstitusiyanın aliliyinin, habelə birbaşa qüvvəsinin təmin edilməsinə, hüquq qaydasının gözlənilməsinə, hüququn inkişafı və tətbiqi təcrübəsinin istiqamətləndirilməsinə xidmət edir.

Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin və hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsinin timsalında ölkəmizdə konstitusiya nəzarəti orqanının yaradılması Əsas Qanunun dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri olmuş və sonrakı illərdə ölkəmizdə gedən demokratikləşmə prosesləri və məhkəmə-hüquq islahatları çərçivəsində konstitusiya nəzarəti institutu da təkamül yolu keçmişdir.

Məhkəməmiz Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarları ilə Konstitusiya müddəalarının aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli həyata keçirilməsi məqsədlərinə xidmət edərək milli hüquq sisteminin inkişafına öz töhfəsini verir. Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılmışdır.

Konstitusiya ədalət mühakiməsinin müasir meyillərinin davamlı olaraq izlənilməsi və tətbiq edilməsi zərurətini nəzərə alaraq, Konstitusiya Məhkəməsi öz qərarlarında respublikamızın tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Bu isə nəticə etibarilə Məhkəmənin mövqeyinin daha da möhkəmləndirilməsinə, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsinə xidmət edir.

Konstitusiya Məhkəməsi Plenumunun qərarları Konstitusiyanın müddəalarının aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının – bərabərlik hüququ, mülkiyyət hüququ, sosial təminat hüququ, vərəsəlik hüququ, əmək hüququ, mənzil hüququ, hüquq və azadlıqların məhkəmə təminatının həyata keçirilməsi ilə bağlı olmuşdur.

Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından biri olan “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 16 oktyabr tarixli Qərarında ailə institutunun tarixən vətəndaş cəmiyyətinin əsas təsisatlarından biri kimi insani dəyərlərin, mədəniyyət və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və yüksəliş təməli sayılmasını vurğulayaraq qeyd etmişdir ki, ailə hər bir sivil cəmiyyətin əsasını təşkil edən, insanlığın ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən ittifaq kimi dəyərləndirilir. Ailə bioloji, sosial və məişət funksiyalarına görə cəmiyyətin özəyi olmaqla yanaşı, hər bir normal insanın böyük sərvəti, zinəti, həyatının mənasıdır. Ailə əxlaq, mənəviyyat kimi dəyərlərin ucalığında dayanan birlikdir. Ailə institutuna dövlətin verdiyi dəyərin nəticəsidir ki, ailənin qurulmasının əsasını təşkil edən nikahın bağlanılması şərtləri Konstitusiya ilə müəyyən edilmişdir.

Konstitusiyanın və ailə qanunvericiliyinin müvafiq normalarını təhlil edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, nikahda olma və nikaha xitam verilməsini) əhatə edir.

Konstitusiya Məhkəməsinin Plenumu Ailə Məcəlləsinin 15-ci maddəsinin arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldıra bilməməsi barədə tələbinin uşağın ölü doğulduğu, yaxud 1 yaşı tamam olanadək öldüyü hallara şamil edilib-edilməməsi ilə əlaqədar belə qənaətə gəlmişdir ki, məhkəmə təcrübəsində fikir ayrılığına səbəb olan qanunun bu məhdudlaşdırıcı göstərişi ailənin tamlığına, ana və uşağın hüquqlarının qorunmasına xidmət etməklə qadının müəyyən zaman kəsiyində, yəni hamiləlik və uşağın doğulmasından sonrakı dövrdə nəinki qəbulediləndir, eyni zamanda, analığa verilən yüksək insani dəyərdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunun mənasına görə, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldırmasına məhdudiyyətin qoyulması yalnız doğum faktı ilə şərtləndirilir və normanın “doğulduqdan sonra” ifadəsi doğum faktından 1 il müddət keçməsini nəzərdə tutur. Uşağın doğulması artıq hüquqi fakt hesab olunur, onun ölü doğulması qanunun müəyyən etdiyi müddətin aradan qaldırılması üçün heç bir əhəmiyyət kəsb etmir. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu Ailə Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulan ərin nikahın pozulmasını tələb etmək hüququna məhdudiyyətin uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü halları da ehtiva etməsi qənaətinə gəlmişdir.

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 3 sentyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş vergi ödəmək vəzifəsinin dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunduğunu vurğulayaraq qeyd etmişdir ki, vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə, dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

Konstitusiya Məhkəməsinin Plenumu demokratik, hüquqi dövlətdə ədalət mühakiməsinin insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biri olduğunu nəzərə alaraq, öz qərarlarında hüquq və azadlıqların məhkəmə müdafiəsinin əhəmiyyətini xüsusi vurğulamış və bu təminatla bağlı əhəmiyyətli hüquqi mövqelər formalaşdırmışdır. Son qərarlarından biri olan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 10-cu, 24-cü və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə müvafiq müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, vaxtında icra olunması vəzifəsini müəyyən edir. Bu baxımdan, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə, ədalət mühakiməsi məhkəmə qərarlarının dəqiq icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir.

Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malik olmaqla tərəflərin məsuliyyətli olmasını və müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirmələrini zəruri edir. Bu mövqedən çıxış edərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsinin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalı olduğunu vurğulamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin vurğulamışdır ki, Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

Bu gün əminliklə deyə bilərik ki, fəaliyyəti və qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir, ölkəmizdə hüquq mədəniyyətinin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlanmış təbrik məktubunda qeyd edildiyi kimi, “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”. Əminik ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə bundan sonra da töhfəsini verməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək, əlamətdar bayram – Konstitusiya Günü münasibətilə Konstitusiya Məhkəməsi adından Azərbaycan vətəndaşlarını təbrik edir, xalqımıza firavanlıq arzulayırıq.

 

Fərhad Abdullayev

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin sədri