Təxminən bir aydan sonra Azərbaycanın Konstitusiyasının 20 ili tamam olur. Bu, Azərbaycanın müstəqilliyinin tarixində çox önəmli hadisədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Fərhad Abdullayev qeyd edib ki, 20 il əvvəl müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı və çox nüfuzlu şəxslərin, alimlərin, mütəxəssislərin hər birinin rəyləri nəzərə alınmaqla hazırkı Konstitusiya qəbul olundu. Azərbaycan Konstitusiyası Avropa ölkələri və dünya birliyi tərəfindən yüksək qiymətləndirilib. Ölkədə bütün qanunvericilik və digər normativ hüquqi aktlar bu əsas qanuna söykənir.
Bakıda “Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqları və azadlıqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışan sədr bu məsələnin hüquq sistemində xüsusi önəm kəsb etdiyini diqqətə çatdıraraq dedi: “Konstitusiya Məhkəməsinə hər bir Azərbaycan vətəndaşı, o cümlədən əcnəbi vətəndaşlar da müraciət edə bilərlər. Lakin bu müraciətlər qanuna müvafiq olmalıdır. Yəni, bütün hüquq-müdafiə instansiyalarından keçəndən sonra Konstitusiya Məhkəməsinə hər kəsin müraciət etmək hüququ vardır”.
Fərhad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətində yer alan fikirlərin Konstitusiya Məhkəməsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün çox böyük stimul olduğunu qeyd edib.
Sədr bildirib ki, konfransda səslənən məruzələr Konstitusiya Məhkəməsi jurnalının xüsusi buraxılışında dərc olunacaq.