2015-10-02 Gürcüstan Konstitusiya Məhkəməsinin sədri: Azərbaycan - Gürcüstan əməkdaşlığı vətəndaşlarımızın konstitusiya hüquqlarının müdafiəsinə müsbət təsir edəcək

Xəbərlər

2015 Feb

Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Gürcüstan Konstitusiya Məhkəməsinin sədri, Avropa Konstitusiya Məhkəmələri Konfransının fəaliyyətdə olan sədri Georgi Papuaşvili  AZƏRTAC-ın müxbirinə müsahibəsində tarix boyu iki ölkə arasında təşəkkül tapan mehriban qonşuluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.

O vurğulayıb ki, hər iki dövlətin məhkəmə sistemləri, o cümlədən əsas konstitusiya prinsiplərinin icrasında mühüm rol oynayan konstitusiya məhkəmələri nümayəndələrinin qarşılıqlı fəaliyyəti yardım və sıx əməkdaşlıq əsasları üzərində qurulub.

G.Papuaşvili deyib: “Azərbaycan-Gürcüstanın əməkdaşlığı ölkələrimizin vətəndaşlarının konstitusiya hüquqlarının müdafiəsi mexanizmlərinə müsbət təsir göstərəcək”.

Gürcüstan Konstitusiya Məhkəməsi sədrinin fikrincə, belə beynəlxalq konfranslar vaxtı çatmış hüquqi məsələlərin səmərəli nəzərdən keçirilməsi və başqa ölkələrin təcrübələrinin öyrənilməsi üçün real imkanlar yaradır.

Azərbaycan paytaxtının sürətlə inkişafına heyran qaldığını bildirən G.Papuaşvili deyib: “Bakı təkcə Azərbaycanın deyil, bütün Qafqaz regionunun gözəl və müasir şəhəridir. Bu, bizi bir qonşu kimi çox sevindirir. Biz bundan sonra da dost münasibətlərə ümid bəsləyirik”.