2015-10-02 Venesiya Komissiyasının sədri: İnsan hüquqlarının qorunmasında Konstitusiya Məhkəməsi böyük rol oynayır

Xəbərlər

2015 Oct

“Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirakı tədbirin möhtəşəmliyindən xəbər verir. Uzun zamandır əməkdaşlıq etdiyimiz Azərbaycan dövlət orqanlarının, xüsusilə ədliyyə və daxili işlər nazirlərinin konfransda iştirakından çox məmnun oldum.

Bu sözləri konfrans iştirakçısı, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio AZƏRTAC-a müsahibəsində bildirib.

Konstitusiya Məhkəməsinin hüquq sistemindəki rolundan danışan komissiya sədri fərdi azadlıqların və insan hüquqlarının qorunmasında bu orqanın çox böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycanı çox sevdiyini və ölkəmizə dəfələrlə səfər etdiyini vurğulayan Canni Bukikkio deyib: “Sonuncu dəfə Azərbaycanda beş il əvvəl olmuşam. Ölkənizi çox sevirəm, mənim burada çoxlu yaxşı dostlarım var. Azərbaycan sosial, iqtisadi və digər sahələrdə sürətlə inkişaf edir. Düşünürəm ki, Azərbaycan cəmiyyəti bu sürətli inkişafa layiqdir”.