2006-06-20 Beynəlxalq humanitar hüquq mövzusunda dəyirmi masa

Xəbərlər

2006 Jun

2006-cı il iyun ayının 20-də Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində beynəlxalq humanitar hüquq mövzusunda dəyirmi masa keçirmişdir. 

Rusiya Federasiyasının Konstitusiya Məhkəməsindən, Syerra-Leone üzrə Xüsusi Məhkəməsindən və Beynəlxalq Cinayət Məhkəməsindən mütəxəssislərin iştirak etdiyi dəyirmi masanı açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, müasir beynəlxalq humanitar hüquqda müşahidə olunan yeni yanaşmaların bəşəriyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və Azərbaycanın məhkəmə orqanlarının fəaliyyətində onun vacibliyini qeyd etmişdir.

Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin müşaviri, professor Bəxtiyar Tuzmuxamedov dəyirmi masada Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun implementasiyasının konstitusion məsələlərini əhatə edən geniş məruzə ilə çıxış etmişdir. Syerra-Leonenin Xüsusi Məhkəməsinin hüquq məsələləri üzrə müşaviri Siril Lauççi Roma statutunda nəzərdə tutulan cinayət hüququnun ümumi prinsipləri və Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundakı cinayətlərin tərifi ilə bağlı bir sıra fikirləri iştirakçıların diqqətinə çatdırmışdır. 

Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya Federasiyasında hüquq məsələləri üzrə regional müşaviri, professor Filip Ksavye universal yurisdiksiya və tamamlıq prinsipinin bəşəriyyət üçün əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. 

Sonra dəyirmi masanın iştirakçıları geniş fikir mübadiləsi aparmış, beynəlxalq humanitar hüququn məhkəmə praktikasında tətbiq olunması ilə bağlı bir sıra məsələləri müzakirə etmişlər. 

Dəyirmi masanın işində Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Respublika Prokurorluğunun məsul əməkdaşları iştirak etmişlər.