2014-11-21 Ədliyyə işçilərinin peşə bayramı geniş qeyd olunub

Xəbərlər

2014 Nov

Ulu öndər Heydər Əliyevin imzası ilə tarixə yazılan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq 15 ildir ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Bayramla əlaqədar silsilə tədbirlər, o cümlədən ənənəvi olaraq ədliyyə veteranları və gənc əməkdaşlarla görüşlər təşkil edilib, bu günlərdə qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilərək 168 namizəd uğur qazanıb, 60-dan çox namizəd isə peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlim kursundadır. Eyni zamanda, 30-dan çox gənc mütəxəssis ilk dəfə olaraq ədliyyə orqanlarına, o cümlədən penitensiar və tibb xidmətlərinə işə qəbul edilib.
Habelə Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend hazırlanıb. Peşə bayramı ərəfəsində Dünya Bankı ilə birgə layihə çərçivəsində inşa olunmuş Quba Rayon Məhkəməsinin yeni müasir inzibati binasının istifadəyə verilməsi isə görülən tədbirlər sırasında xüsusilə əlamətdar olub.
Bayram günlərində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ədliyyə orqanları işçilərinin yüksək dövlət təltiflərinə, fəxri adlara və ali xüsusi rütbələrə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.
Peşə bayramlarını sonsuz iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 21-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Daha sonra tədbir Ədliyyə Nazirliyində davam etdirilib. Rəsmi tədbirdən əvvəl əbədiyaşar liderimiz Heydər Əliyevin nazirliyin binasındakı büstü önünə tər çiçəklər qoyulub.
Təşkil olunmuş geniş yığıncaqda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev iştirak ediblər.
Ədliyyə naziri tədbiri açaraq peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələrdə sürətli tərəqqiyə nail olunmasını, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə edilən nailiyyətləri vurğulayıb, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində uğurlu sədrliyini və keçirilən tədbirləri, bütövlükdə beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin və nüfuzunun daha da yüksəlməsini qeyd edib.
Ali Məhkəmənin sədri R.Rzayev çıxış edərək Azərbaycan ədliyyəsinin dinamik inkişafından danışıb, ədliyyə sisteminin cəmiyyətdə yüksək nüfuza malik olmasını diqqətə çatdırıb. Məhkəmə-hüquq sahəsində aparılan islahatlar nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayan R.Rzayev ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev nazirliyin keçdiyi tarixi inkişaf yoluna toxunaraq bu gün ədliyyə orqanlarının qanunun aliliyi, insan hüquqlarının təmin olunması üzrə üzərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsini, dövlətimizin başçısı tərəfindən bayram ərəfəsində bir qrup əməkdaşın dövlət təltiflərinə layiq bilinməsini Azərbaycan Prezidentinin ədliyyə fəaliyyətinə verdiyi yüksək qiymətin təzahürü kimi dəyərləndirib.
Sonra fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisi bayram münasibətilə mükafatlandırılıb.
Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik-hüquqi dövlət quruculuğu işində Prezident İlham Əliyevə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarını bildiriblər.
Bayramla əlaqədar, həmçinin Azərbaycan Respublikası məhkəmə infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlərə həsr olunmuş poçt markaları buraxılıb.