2014-10-10 Vyetnam Milli Assambleyasının hüquq komitəsinin sədri Konstitusiya Məhkəməsində olub

Xəbərlər

2014 Oct

Oktyabrın 10-da Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Vyetnam Milli Assambleyasının hüquq komitəsinin sədri, professor Fan Trunq Linin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Vyetnam arasında bir çox istiqamətdə, o cümlədən hüquq sahəsində əlaqələrin inkişaf etdiyini vurğulayıb. Səfərin əhəmiyyətini yüksək qiymətləndirən F.Abdullayev ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın son illərdə dinamik inkişaf etdiyini bildirib. Bu inkişaf digər istiqamətlərlə yanaşı, məhkəmə-hüquq sahəsində də aşkar müşahidə edilir.
Azərbaycan ilə Vyetnam arasında mehriban münasibətlərin olduğunu deyən Konstitusiya Məhkəməsinin sədri məhz bu baxımdan əməkdaşlığın inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini xüsusi vurğulayıb. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd edən F.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını bildirib.
F.Abdullayev Vyetnam nümayəndə heyətinə 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, konstitusiya nəzarəti orqanının işində konstitusiya hüquq və azadlıqlarının təmin olunması əsas yer tutur.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Fan Trunq Li Azərbaycana səfərindən və Konstitusiya Məhkəməsində səmərəli görüşlər keçirməsindən məmnunluğunu vurğulayıb. Vyetnamın Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdıran qonaq hüquq sahəsində təcrübə mübadilələrinin və qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Fan Trunq Li ölkəsinin Azərbaycanın Konstitusiya Məhkəməsinin təcrübəsindən faydalanmaqda maraqlı olduğunu bildirib. Bakıda ali təhsil aldığını vurğulayan Fan Trunq Li Azərbaycanın son illər qazandığı uğurlardan, əldə etdiyi tərəqqidən məmnunluqla söhbət açıb. Qonaq Vyetnamın qanunvericilik sistemi barədə ətraflı məlumat verərək, ölkəsində həyata keçirilən konstitusiya-hüquq islahatları çərçivəsində mühüm yer tutan Konstitusiya Məhkəməsinin təsis olunacağını qeyd edib. O, eyni zamanda, Azərbaycanın yüksək ixtisaslı vyetnamlı kadrlar hazırlamaqla ölkəsinin inkişafında mühüm rol oynadığını bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Vyetnama səfərindən sonra ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edir.
Görüşdən sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Sonra nümayəndə heyəti Konstitusiya Məhkəməsinin iş şəraiti ilə tanış olub.