Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İmzalanma mərasimindən əvvəl Qırğızıstan nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını bildirib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Memorandumu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyev imzalayıblar.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq Azərbaycan ilə Qırğızıstan arasında bir sıra istiqamətlərdə, o cümlədən hüquq sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, imzalanan memorandum ölkələrimizin hüquq sistemində mühüm hadisə olmaqla, konstitusiya ədalət mühakiməsi və inkişafı naminə daha sıx əməkdaşlıq istəyinin və arzusunun ifadəsidir. F.Abdullayev deyib: “Ölkələrimiz müstəqilliklərini əldə edəndən sonra dövlətçiliyin inkişafı istiqamətində çox mürəkkəb yol keçiblər. Bu gün Azərbaycan demokratik inkişaf yolundadır. Dövlətin iqtisadi, sosial və intellektual inkişafı bizim prioritetlərimizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Azərbaycan bu gün regionda iqtisadi, sosial və mədəni sahələrdə inkişaf nümunəsidir. Biz çoxtərəfli və ikitərəfli əməkdaşlığı prioritet hesab edirik. Fikrimcə, ölkələrimizin rəhbərləri səviyyəsində, bu gün isə həm də məhkəmə-hüquq sahəsində yaranmış dostluq münasibətləri sizinlə əməkdaşlıq etmək istəyimizə dəlalət edir”.
Nümayəndə heyətinin rəhbəri Mukambet Kasımaliyev səmimi görüş üçün təşəkkürünü bildirərək vurğulayıb ki, ölkələrimiz arasında istər məhkəmə-hüquq sistemi sahəsində, istərsə də ümumilikdə ikitərəfli münasibətlər uzun müddət istənilən səviyyədə olmayıb. O, Qırğızıstan Prezidenti Almazbek Atambayevin 2012-ci ilin martında Azərbaycana rəsmi səfəri zamanı ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yeni səviyyəyə çatdırılmasının vacibliyini bildirdiyini xatırladıb. M.Kasımaliyev, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında qardaş xalqlarımızın birliyinin təməlində ortaq köklərin, mədəniyyətin, tarixin dayandığını və bu gün möhkəm təməl üzərində gözəl əməkdaşlığın yaradıldığını vurğulayıb.
Qonaq deyib ki, qardaş ölkələrimizin prezidentlərinin görüşündən sonra bütün sahələrdə münasibətlər sürətlə inkişaf etməyə başlayıb. Bu gün imzalanmış əməkdaşlıq haqqında memorandum ikitərəfli əməkdaşlığın səviyyəsinin yüksəlməsinin məntiqi nəticəsidir. Azərbaycan Konstitusiya Məhkəməsinin malik olduğu təcrübə və biliklər bizim üçün çox önəmlidir.
Sonda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının hakimləri arasında hüquqi məsələlər üzrə fikir mübadilələri aparılıb, məhkəmə-hüquq təcrübəsinə dair bir çox məsələlər müzakirə edilib.