2014-10-01 Azərbaycanın və İndoneziyanın Konstitusiya məhkəmələri arasında hüquqi əməkdaşlığın inkişafı müzakirə edilib

Xəbərlər

2014 Oct

Sentyabrın 30-da Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan İndoneziya Konstitusiya Məhkəməsinin baş katibi Janedjri M. Gaffarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını bildirib, abidəsi önünə əklil qoyub.
 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
 
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
 
Görüşdə qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə İndoneziya arasında bir çox sahələrdə, o cümlədən hüquq sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, 2013-cü ilin fevralında İndoneziya Konstitusiya Məhkəməsində səmərəli görüşlər keçirdiyini və Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Konstitusiya Məhkəməsinin sədri həmin Memorandumun icrası qaydasında İndoneziya nümayəndə heyətinin ölkəmizə səfərinin və Azərbaycanın konstitusiya nəzarəti orqanında səmərəli görüşlər keçirməsinin əhəmiyyətini yüksək qiymətləndirib.
 
Ölkəmizin son illərdə dinamik inkişaf etdiyini bildirən F.Abdullayev bu tərəqqiyə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində nail olunduğunu vurğulayıb. Bildirilib ki, bu inkişaf digər istiqamətlərlə yanaşı, məhkəmə-hüquq sahəsində də aşkar müşahidə edilir.
 
F.Abdullayev qeyd edib ki, müasir cəmiyyətdə konstitusiya nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Məhz bu baxımdan əməkdaşlığımızın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması çox vacibdir.
 
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Janedjri M. Qafar Azərbaycana səfərinin və Konstitusiya Məhkəməsində səmərəli görüşlər keçirməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, İndoneziya Konstitusiya Məhkəməsinin 2013-cü ildə imzalanmış Anlaşma Memorandumunun davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qonaq hər iki qurum arasında təcrübə və əməkdaş mübadilələrinin əlaqələrin inkişafı baxımından vacibliyini qeyd edib.
 
 Sonra görüş Konstitusiya Məhkəməsi Aparatının rəhbərliyi və kollektivi ilə davam etdirilib.
 
İndoneziya nümayəndə heyətinə 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, konstitusiya nəzarəti orqanının işində konstitusiya hüquq və azadlıqlarının təmin olunması əsas yer tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyəti dövründə Plenum tərəfindən 282 qərar və 65 qərardad qəbul edib.
 
Görüşdən sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
 
Nümayəndə heyəti Konstitusiya Məhkəməsinin iş şəraiti ilə də tanış olub.