2014-09-16 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Beynəlxalq hüquq” ixtisasına ali hüquq təhsili statusu verməklə sosial ədaləti bərpa edib

Xəbərlər

2014 Sep

Bir müddət əvvəl Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin təhsil və hüquq sistemi ilə bağlı çox vacib bir Qərar qəbul edib. Qərarın önəmi ali hüquq təhsili anlayışına aydınlıq gətirməklə yüzlərlə ali təhsilli kadra karyera qurmaqda maneçilik törədən boşluğun aradan qaldırılmasıdır. Konstitusiya Məhkəməsinin cari il iyulun 4-də qəbul etdiyi Qərara əsasən “Beynəlxalq hüquq” ixtisası “Hüquqşünaslıq” ixtisası ilə bərabər ali hüquq təhsili kateqoriyasına aid edildi.
Problem nədən qaynaqlanırdı?
Bəlkə də buna qədər bir çoxları “Beynəlxalq hüquq” ixtisasının ali hüquq təhsili hesab edilməməsindən xəbərsiz idi. Bu məsələnin Konstitusiya Məhkəməsinin Plenumunda müzakirəyə çıxarılması artıq onun ciddiliyindən xəbər verirdi.
Konstitusiya Məhkəməsi bu məsələni Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna əsasən müzakirəyə çıxarıb. Sorğuda qeyd olunurdu ki, vəkillik, notariat, prokurorluq, məhkəmələr və digər hüquq mühafizə orqanlarına işə qəbul edilən şəxslərin “ali hüquq təhsilli” olmaları nəzərdə tutulur. Lakin bu anlayış Konstitusiyada və qanunlarda açıqlanmadığından hansı ixtisaslar üzrə təhsil almış şəxslərin “ali hüquq təhsilli” hesab olunması məsələsi açıq qalıb və nəticədə qanunların tətbiqində çətinliklər yaranıbdır.
Bu məsələ ilə əlaqədar Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinin bir qrup məzunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasına müraciət edərək problemin həll olunmasını xahiş ediblər.
“Beynəlxalq hüquq” ixtisası niyə ali hüquq təhsili
hesab edilmirdi?
Maraqlıdır, bəs “Beynəlxalq hüquq” ixtisası niyə ali hüquq təhsili hesab edilmirdi? Qeyd etmək lazımdır ki, “Beynəlxalq hüquq” fakültəsinə qəbul 1990-2008-ci illərdə aparılıb və 2000-ci ilədək bu fakültənin məzunlarına “Hüquqşünaslıq” ixtisası verilibdir. Lakin sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 may tarixli qərarı ilə “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı”na “Beynəlxalq hüquq” istiqaməti əlavə edilib və bundan sonra bu fakültəni bitirənlərin diplomlarından “Hüquqşünaslıq” istiqaməti çıxarılıb. Bundan əlavə, qanunvericilikdə sonrakı dəyişikliklərə əsasən “Beynəlxalq hüquq” ixtisası üzrə tələbə qəbulu dayandırılıb. Belə ki, Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli qərarı ilə təsdiq olunan “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”na “Beynəlxalq hüquq” ixtisası və istiqaməti daxil edilməyib. Bu dəyişiklik Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə uyğunlaşdırılması ilə əlaqədar həyata keçirilən islahatlarla bağlıdır.
Beləliklə, “Beynəlxalq hüquq” fakültəsini bitirən, lakin uzun müddət ali hüquq təhsilli hesab edilməyən məzunlar müvafiq strukturlarda işə qəbul imkanından məhrum olublar. Hər iki sahədə peşə hazırlığı, tədris olunan proqramlar və fənlər eyniyyət təşkil etdiyi halda, “Beynəlxalq hüquq” fakültəsinin məzunlarının ali hüquq təhsilli hesab edilməməsi məqsədəuyğun sayıla bilməzdi. Konstitusiya Məhkəməsi öz Qərarı ilə məhz bu sosial ədalətsizliyin aradan qaldırılmasına şərait yaratdı.
Konstitusiya Məhkəməsi öz Qərarını nə ilə əsaslandırıb?
“Beynəlxalq hüquq” ixtisasının ali hüquq təhsili hesab edilməməsi bu ixtisas üzrə təhsil almış şəxslərin birbaşa Konstitusiyada təsbit olunan təhsil hüququnun həyata keçirilməsində məhdudiyyətlərin yaranmasına toxunan Konstitusiya Məhkəməsi öz Qərarında buna aydınlıq gətirir: “Təhsil hüququ bir sıra konstitusion hüquq və azadlıqlarla, o cümlədən əmək hüququ və dövlətin idarə olunmasında iştirak etmək hüququ ilə bilavasitə bağlıdır və onların həyata keçirilməsi üçün mühüm şərt kimi çıxış edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Konstitusiyanın 55-ci maddəsi vətəndaşlara dövlət orqanlarında qulluq etmək imkanı yaradır”.
Bunu əsas götürən Konstitusiya Məhkəməsi qeyd edir ki, “Beynəlxalq hüquq” üzrə ali təhsil almış şəxslərin təhsilinin “ali hüquq təhsili” hesab edilməməsi onların ixtisasları üzrə fəaliyyət növü və iş yeri seçmək hüququnun məhdudlaşdırılmasına və Konstitusiyanın 35-ci və 55-ci maddələrində təsbit olunmuş hüquqlarından istifadə etmək imkanının deklarativ xarakter daşımasına səbəb olur. Bunları nəzərə alaraq, Konstitusiya Məhkəməsi ali hüquq təhsilinə “Beynəlxalq hüquq” üzrə ali təhsilin də aid olması ilə bağlı qərar çıxarıb.
Əslində bu qərar sosial ədaləti bərpa etməklə yanaşı, eyni zamanda, Azərbaycanda beynəlxalq hüquqa verilən önəmi də təsdiqləmiş oldu. Azərbaycan Respublikasının Konstitusiyasında beynəlxalq hüququn norma və prinsiplərinə böyük yer ayrılıb. Əsas Qanunumuzda vurğulanır ki, Azərbaycanda vətəndaş hüquq və azadlıqları beynəlxalq müqavilələr əsasında tənzimlənir. Bundan əlavə, Konstitusiyanın 151-ci maddəsində göstərilir ki, Azərbaycanın normativ hüquqi aktları ilə ölkənin tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.
Bütün dairələrdə rəğbətlə qarşılanan Qərar nə kimi
perspektivlər vəd edir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin milli qanunvericilik bazasının Avropa hüquq sisteminə uyğunlaşdırılmasını nəzərdə tutan bir sıra fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə beynəlxalq əlaqələr sahəsində davamlı addımlar atılır. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi və beynəlxalq aləmdəki digər uğurları dövlətimizin məqsədyönlü siyasətindən qaynaqlanır.
Konstitusiya Məhkəməsinin bu Qərarı da məhz belə bir vacib məqamda “Beynəlxalq hüquq” ixtisası üzrə təhsil almış kadrların potensialından məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanlarında təkcə beynəlxalq hüquq sahəsində yox, bütün digər hüquq sahələrində istifadə edilməsinə imkan verəcəkdir.
Təsadüfi deyil ki, ziyalılar, əlaqədar qurumların nümayəndələri, ölkənin hüquq ictimaiyyəti bu ədalətli və vaxtında verilmiş Qərarı rəğbətlə qarşılayıblar. Bunu Konstitusiya Məhkəməsinə daxil olan çoxsaylı məktublardan da aydın görmək olur. “Beynəlxalq hüquq” fakültəsinin məzunları da öz növbəsində hüquqlarının bərpasından son dərəcə məmnundurlar və buna görə minnətdarlıq bildirirlər.
Tam əminliklə demək olar ki, Konstitusiya Məhkəməsinin Qərarı vətəndaşların təhsil hüququnun müdafiəsi istiqamətində mühüm addım olmaqla bərabər, Azərbaycanın milli hüquq sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması işinə də öz töhfəsini verəcəkdir. Doğrudan da, qloballaşan dünya milli və beynəlxalq hüquq sistemlərinə qarşılıqlı əlaqədə baxmağı tələb edir və bu mənada Azərbaycanın müvafiq icraedici orqanlarında hər iki sistemi mükəmməl bilən kadrlara böyük ehtiyac var. Konstitusiya Məhkəməsinin sözügedən Qərarı bu sahədə imkanların genişləndirilməsi baxımından da diqqətə layiqdir.
Tural Aslanov,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının
protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri