Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri Aleksandru Tenasenin dəvəti ilə bu ölkənin Əsas Qanununun qəbul olunmasının və Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyinə həsr edilmiş beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün sentyabrın 8-9-da Kişineu şəhərində səfərdə olub.
Konfransın açılışında iştirak edən Moldova Prezidenti Nikolae Timofti tədbir iştirakçılarını salamlayaraq, Konstitusiyanın və Konstitusiya Məhkəməsinin demokratik dövlətçiliyin formalaşdırılmasındakı roluna toxunub.
Daha sonra açılış nitqləri ilə Moldova Parlamentinin sədri İqor Korman, Baş nazir Yuri Lyanke, Konstitusiya Məhkəməsinin sədri Aleksandru Tenase və Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikio çıxış ediblər.
Konfransın praktiki hissəsində Konstitusiya Məhkəmələrinin qərarlarının sosial hüquqların müdafiəsi, konstitusiya nəzarəti və qloballaşma, habelə iqtisadi böhran zamanı vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqlarının təmin edilməsi kimi mövzular üzrə çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev rəhbərlik etdiyi qurumun müvafiq məhkəmə təcrübəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans çərçivəsində təşkil edilmiş tədbirlərdə Moldova Respublikası Konstitusiyasının hazırlanması və qəbulu, Konstitusiya Məhkəməsinin fəaliyyəti, həmçinin Moldovanın Avropa İttifaqına üzv qəbul edilməsi üçün həyata keçirilən məhkəmə-hüquq islahatları haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan ilə Moldova arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.