2005-01-23 Yanvar ayının 18-dən 22-dək Strasburqda Hakimlər arası dialoq mövzusunda keçirilən beynəlxalq məhkəmə seminarı

Xəbərlər

2005 Jan

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Lurius Vildhaberin dəvəti ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayev cari ilin yanvar ayının 18-dən 22-dək Strasburqda Hakimlər arası dialoq mövzusunda keçirilən beynəlxalq məhkəmə seminarında iştirak etmişdir. Seminarda milli məhkəmələr və İnsan hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlıq, konstitusiya nəzarəti orqanlarının qərarlarında Avropa Məhkəməsinin presedent və təcrübələrinin tətbiqi kimi məsələlər müzakirə edilmişdir. Milli və beynəlxalq xarakterli məhkəmələr arasında mövcud olan münasibətlər, Azərbaycan Respublikası İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduqdan sonra, Azərbaycan Respublikası vətəndaşlarının İnsan hüquqları üzrə Avropa Məhkəməsinə verdiyi şikayətlər, həmçinin beynəlxalq məhkəmələrin təcrübələrinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinə göstərdiyi təsir görüşün müzakirə obyekti olmuşdur. Səfər çərçivəsində habelə Avropa Konstitusiya Məhkəmələrinin sədrləri ilə görüşlər və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.