Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 27-28-də Belarus Respublikası Konstitusiya Məhkəməsinin 20 illiyinə həsr edilmiş beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün bu ölkənin Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviçin dəvəti ilə Minsk şəhərində işgüzar səfərdə olmuşdur.
Konfransın açılışında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbriki oxunmuşdur.
Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Latviya, Venesuela və digər ölkələrin, habelə Belarus Respublikasının Parlamenti, Prezident Administrasiyası, Ali Məhkəməsi, Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və digər dövlət orqanlarının rəhbər və nümayəndələrinin iştirak etdikləri konfransda konstitusiya nəzarətinin müasir meylləri, hakimlərin qərəzsizliyi və müstəqilliyi, konstitusiya ədalət mühakiməsi sisteminin təkmilləşdirilməsi və digər aktual hüquqi məsələlər üzrə məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Konfransda sədr Fərhad Abdullayev çıxış edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qanunvericiliyin təkmilləşdirilməsi və inkişafına yönəlmiş qərarlarının praktiki aspektləri barədə mülahizələrini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycanın Əsas Qanunu olan Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiəsi konstitusiya ədalət mühakiməsinin əsas məqsədlərindən biri kimi müəyyən olunmuşdur.
Səfər çərçivəsində Azərbaycan və Belarus respublikalarının Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq əməkdaşlığı məsələləri müzakirə edilmişdir.
Eyni zamanda, səfər çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ölkəmizin Belarusdakı səfirliyində keçirilmiş görüşdə iştirak etmişdir.