2014-06-25 Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda məhkəmə və hüquq islahatları proqramının rəhbəri Konstitusiya Məhkəməsində olmuşdur

Xəbərlər

2014 Jun

İyunun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda məhkəmə və hüquq islahatları proqramının rəhbəri, doktor Tomas Meyer ilə görüşmüşdür.
Görüşdə Fərhad Abdullayev Azərbaycan ilə Almaniya arasında məhkəmə-hüquq əməkdaşlığı sahəsində ötən dövrdə böyük uğurların əldə olunduğunu vurğulamışdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasındakı əməkdaşlığın da yüksək səviyyədə olduğunu deyən sədr bu tərəfdaşlığın möhkəmlənməsində “Azərbaycanda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” layihəsinin sabiq rəhbəri Tomas Melserin fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, hər iki qurumun birgə fəaliyyəti nəticəsində bir sıra layihələr həyata keçirilmişdir.
Konstitusiya Məhkəməsinin fəaliyyəti haqda qonağa məlumat verən sədr bildirmişdir ki, məhkəmənin fəaliyyəti ictimaiyyət üçün açıqdır.
Bu gün dünyanın, cəmiyyətin sürətlə inkişaf etdiyini diqqətə çatdıran F.Abdullayev vurğulamışdır ki, bu tərəqqi yeni meyllər, yanaşmalar tələb edir. Konstitusiya Məhkəməsinin sədri demişdir: “Biz istəyirik ki, məhkəmə-hüquq sisteminin keyfiyyətcə təkmilləşdirilməsinə nail olaq. Azərbaycan Prezidenti İlham Əliyev müasir texnologiyaların bütün məhkəmə-hüquq sisteminin fəaliyyətinə müsbət təsirini nəzərə alaraq “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalamışdır”.
Bildirilmişdir ki, bu Sərəncam vətəndaşlarla məhkəmə orqanları arasında əlaqələrin sadələşdirilməsinə, ədalət mühakiməsində şəffaflığın, aşkarlığın və operativliyin təmin olunmasına xidmət edir. Artıq bu Sərəncam öz faydasını verməkdədir. Belə ki, artıq Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən elektron müraciətlər daxil olur. Onların müraciətləri qeydə alınır və müxtəlif köməklik edilir.
Tomas Meyer Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycanda səmərəli fəaliyyəti üçün geniş imkanların yaradıldığını demişdir. Artıq uzun müddətdir ki, Cəmiyyət Azərbaycan ilə sıx, işgüzar əməkdaşlıq edir. O demişdir: “Biz birgə bir sıra layihələr həyata keçiririk. Bu layihələr hüquq islahatlarının inkişafına xidmət edir”.
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqda Azərbaycan Prezidentinin müvafiq Sərəncamının çox əhəmiyyətli olduğunu deyən T.Meyer bu sahədə də birgə əməkdaşlığın yaradılmasının mümkünlüyünü diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılmışdır.