Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti mayın 12-dən 14-dək Vyanada keçirilən Avropa Konstitusiya Məhkəmələri Konfransının 16-cı konqresində iştirak etmək üçün Avstriya Respublikası Konstitusiya Məhkəməsinin sədri Qerhart Holtsinqerin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olmuşdur.
Tədbirdə açılış nitqi ilə çıxış edən Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer qonaqları salamlayaraq, Avropada hüquqi inteqrasiyanın vacibliyini və bu prosesdə konstitusiya ədalət mühakiməsinin rolunu diqqətə çatdırmışdır.
Konqresdə Avropada Konstitusiya məhkəmələri arasında qarşılıqlı əlaqələr, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarların konstitusiya nəzarəti orqanlarının praktikasına təsiri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 16 saylı protokolunun əsasında qurulan məhkəmə-hüquq əməkdaşlığı və digər mövzularda çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır. Məhkəmə mübahisələrinin daha səmərəli həllində milli məhkəmələrin rolunun vacibliyi xüsusi vurğulanmışdır.
Konqresdə sədr Fərhad Abdullayev milli məruzəni Konfransa təqdim etmişdir. Məruzədə son illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir sıra qərarların, məhkəmə praktikasında tətbiq olunan Strasburq Məhkəməsinin hüquqi mövqelərinin, Konstitusiya Məhkəməsinin qərarlarında bir sıra qanunvericilik normalarının rəsmi şərhlərinin, habelə beynəlxalq hüquq normalarının tətbiqinin icmalı əksini tapmışdır.
Avropa Konstitusiya Məhkəmələri Konfransı təşkilatı beynəlxalq məhkəmə-hüquq əməkdaşlığını gücləndirmək və Avropa Konstitusiya məhkəmələri arasında təcrübə mübadiləsi aparmaq məqsədilə 1972-ci ildə təsis olunmuşdur. Hazırda quruma Avropanın 40 ölkəsinin konstitusiya nəzarəti orqanları daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa İttifaqı Məhkəməsi və Avropa Şurasının Venesiya Komissiyası bu təşkilatda müşahidəçi qismində təmsil olunurlar.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2000-ci ildən bu nüfuzlu beynəlxalq təşkilatın tamhüquqlu üzvüdür.