2014-05-06 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasına üzv qəbul olunmuşdur

Xəbərlər

2014 May

Aprelin 27-dən mayın 1-dək İstanbulda Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının (AACCEI) ikinci konqresi və Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin yaranmasının 52-ci ildönümü münasibətilə beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə Avropa Konstitusiya Məhkəmələri Konfransı təşkilatına sədrlik edən Avstriya Konstitusiya Məhkəməsinin, habelə Türkiyə, Əfqanıstan, Azərbaycan, Bosniya və Hersoqovina, Bruney, Kamboca, Gürcüstan, İndoneziya, Qazaxıstan, Koreya, Malayziya, Monqolustan, Nepal, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Tailand, Özbəkistanın Konstitusiya məhkəmələrinin və Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyətləri iştirak etmişlər.

Aprelin 28-də keçirilmiş iclasda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi AACCEI-yə üzv qəbul olunmuşdur. Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin adından konqres iştirakçılarına təşəkkürünü, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinə təbriklərini çatdırmışdır.

Konqresdə insan hüquq və azadlıqlarının müdafiəsi, Konstitusiya məhkəmələri, yuxarı instansiya məhkəmələri və parlament arasında münasibətlər, konstitusiya quruluşunun və sosial hüquqların müdafiəsində Konstitusiya məhkəmələrinin rolu və s. məsələlər müzakirə edilmişdir.

Səfər çərçivəsində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin və tədbirdə iştirak edən digər ölkələrin yüksək məhkəmə orqanlarının bir sıra nümayəndələri ilə görüşlər keçirilmiş, qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı məsələləri barədə fikir mübadiləsi aparılmışdır.   

Konfransın sonunda Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasına sədrlik İndoneziyaya keçmişdir. Assosiasiyanın bayrağı bu ölkənin Konstitusiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. Assosiasiyanın növbəti – üçüncü konqresinin İndoneziya Respublikasının paytaxtı Cakartada keçirilməsi barədə qərar qəbul edilmişdir.