Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyə Respublikasının Melikşah, Fatih, Kocaeli universitetlərinin alimlərinin iştirakı ilə keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarının bir qrupu ilə görüş olmuşdur.
Görüşdə sədr Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin yaradılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş demokratik, hüquqi dövlət quruculuğu prosesinin başlıca mərhələlərindəndir. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində insan hüquqlarının qorunması cəmiyyətin qarşısında duran ümdə vəzifələrdən birinə çevrilmişdir.
F.Abdullayev qeyd etmişdir ki, Prezident İlham Əliyev Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfransın həm nəzəri, həm də praktiki baxımdan əhəmiyyətli olduğunu deyən sədr qeyd etmişdir ki, bu tədbirdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm məsələlər müzakirə olunmuşdur.
Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan Konstitusiya Məhkəməsinin sədri cəmiyyətdə insan hüquqlarının müdafiəsinin təmin edilməsinin bu tərəqqinin tərkib hissəsi olduğu diqqətə çatdırmışdır.
F.Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirdiyini, qurumun fəaliyyətində ayrı-ayrı ölkələrlə yanaşı, beynəlxalq hüquq təşkilatlarının da təcrübəsinin nəzərə alındığını vurğulamışdır.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan sədr bildirmişdir ki, qardaş ölkələrimiz arasında bütün sahələrdə möhkəm hüquqi bazaya əsaslanan əlaqələr mövcuddur. Azərbaycanın və Türkiyənin sarsılmaz qardaşlıq əlaqələri ölkələrimizin məhkəmə sistemləri arasında da möhkəm təmələ və hüquqi bazaya əsaslanan əməkdaşlıqda da özünü göstərir.
Görüşdə çıxış edən Türkiyənin Melikşah Universitetinin hüquq fakültəsinin dekanı Murad Şən Azərbaycanda aparılan islahatlar və inkişaf prosesini yüksək qiymətləndirmiş, eləcə də səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmişdir.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Murad Şən, qardaş ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin və təcrübə mübadilələrinin əhəmiyyətini vurğulamışdır.
Görüşdə qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonda xatirə şəkili çəkdirilmişdir.