21.07.2026
“Könüllü fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllülük
Proqramını uğurla başa vuran bir qrup gəncə sertifikatlar təqdim olunub. İki ay
müddətində proqram çərçivəsində fəaliyyət göstərən könüllülər Konstitusiya Məhkəməsinin
iş prinsipləri və fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə etmiş, onlara
gələcək peşə fəaliyyətlərində faydalı olacaq nəzəri və praktiki biliklər
qazandırılmışdır.
Məhkəmənin fəaliyyətində
iştirak edən könüllülər Bakı Dövlət Universitetinin, ADA Universitetinin,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Dubay əmirliyinin “De
Montfort” Universitetinin, London şəhərinin “City University of London”
Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələridir.
Proqram müddətində
könüllülər Konstitusiya Məhkəməsi Aparatının müxtəlif şöbə və sektorlarının fəaliyyəti
ilə yaxından tanış olmuş, səlahiyyətli struktur bölmələrində praktiki təcrübə
keçmiş, habelə məhkəməyə daxil olan sorğu və müraciətlərə baxılması prosesində
iştirak etmişlər.
Eyni zamanda
bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində həyata
keçirilən Könüllülük Proqramında iştirak etmək arzusunda olan gənclərin müraciətlərinin
qəbulu davam etdirilir.
