2013-11-25 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətinin Məlumatı

Xəbərlər

2013 Nov

Noyabrın 19-dan 22-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Dimitar Tokuşevin dəvəti ilə Sofiya şəhərində səfərdə olmuşdur.
Səfərin ilk günündə Azərbaycan və Bolqarıstan Konstitusiya Məhkəmələrinin hakimləri arasında Məhkəmələrin baxdıqları işlərdə hüquqi mövqeləri və yanaşmaları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Bolqarıstan Respublikası Parlamentinin sədri Mixail Mikov ilə görüşdə Konstitusiya Məhkəmələrinin fəaliyyətini nizamlayan qanunverici normalar, habelə Konstitusiya müddəalarına zidd olan hüquqi normaların ləğvi və yaxud təkmilləşdirilməsi aspektlərinə toxunulmuşdur.
Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyev ilə görüşdə Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr və məhkəmələrin müraciətləri əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar, ölkənin Ombudsmanı Konstantin Pençev ilə keçirilmiş müzakirələrdə isə Ombudsmanın sorğuları əsasında Konstitusiya Məhkəməsində baxılan məsələlər və qəbul edilən qərarlar əsasında Konstitusiyaya zidd olan qanunvericilik normalarının ləğv edilməsi məsələlər müzakirə edilmişdir.
Noyabrın 19-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyətini Bolqarıstan Respublikasının Prezidenti cənab Rosen Plevneliyev qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nümayəndə heyətinə Konstitusiya Məhkəməsi hakimləri R.Qvaladze, M.Muradov və Aparat rəhbəri  R.Quliyev daxil olmuşlar. Səfər çərçivəsində Bolqarıstanın mədəni və tarixi irsini əks etdirən yerlərlə tanışlıq təşkil edilmişdir.
Görüş və tədbirlərdə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Emil Kərimov iştirak etmişdir.