2013-11-12 Ölkəmizin Əsas Qanununun qəbulu ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir

Xəbərlər

2013 Nov

Noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Konstitusiya Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən sədr Fərhad Abdullayev iştirakçıları 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik etmişdir. Sədr bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Əbəs yerə deyil ki, xalqımız ulu öndər Heydər Əliyevi müasir müstəqil Azərbaycan Respublikasının banisi, onun Əsas Qanununun - Konstitusiyamızın memarı adlandırır. Ölkəmizdə hüquqi, dünyəvi və demokratik dövlət bilavasitə məhz Ümummilli Liderin rəhbərliyi ilə qurulmuşdur və uğurla inkişaf etməkdədir. Bu inkişafın təməlində isə Əsas Qanunumuz durur. Bu gün bütün sahələrdə sosial-iqtisadi siyasət müvəffəqiyyətlə həyata keçirilir.
Azərbaycan dünya birliyində tanınmış və möhkəmlənmişdir. Ölkəmizin Əsas Qanununun qəbulu, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar edilməsi və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Qeyd olunmuşdur ki, 18 il bundan əvvəl qəbul edilən Konstitusiyamızda dövrün tələblərinə uyğun hüququn müasir inkişaf meyilləri Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri etmişdi. Buna görə də 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə müvafiq dəyişikliklər olunmuşdur. Bu dəyişikliklər Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasını, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsini, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etmişdir.
Sədr Fərhad Abdullayev demişdir ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti məhz Ulu Öndərin memarı olduğu Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
Bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik dövlət quruculuğu sahəsində, eləcə də iqtisadiyyatın və sosial-siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olunmuşdur.
Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanmış, konstitusiya nəzarəti orqanı kimi hüquq münasibətlərinə və hüquq mədəniyyətinə kifayət qədər təsir göstərən bir quruma çevrilmişdir.
Konstitusiya Məhkəməsinin sədri qeyd etmişdir ki, Prezident İlham Əliyevin gərgin əməyi və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək və dünyada mövqelərini daha da möhkəmləndirəcəkdir.
Sonda əminliklə qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.