2013-11-12 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya Gününə həsr olunmuş hüquq olimpiadası keçirmişdir

Xəbərlər

2013 Nov

12 noyabr 1995-ci ildə özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin olunması, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi istəyi ilə keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir.

Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.

Ulu Öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, bu sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunması üçün gərgin əmək sərf etmişdir.

Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir.

Konstitusiya ədalət mühakiməsini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəlməsinə, hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, konstitusiya nəzarətinin mahiyyətini, əsaslarını və prinsiplərini daha da dərindən öyrənmələrinə daim diqqət yetirir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi mütəmadi olaraq 12 noyabr-Konstitusiya Günü və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirməsi istiqamətində əhəmiyyətli tədbirlər görməkdədir.

Bununla bağlı, Konstitusiya Məhkəməsi hər il Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadası keçirir.

Hüquq olimpiadaları Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə və Sumqayıt şəhərlərinin ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında keçirilmiş və bu, onların biliklərinin daha da möhkəmlənməsinə xidmət etmişdir.

Bu il Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirilmişdir. Təhsil Nazirliyi və rayon icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən olimpiadada 600 gənc iştirak etmiş, qaliblər müəyyən olunmuşdur.

Olimpiadanın nəticələri ilə əlaqədar Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Astara və Masallı rayonlarının rəsmləri və təhsil şöbələrinin rəhbərləri, təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına müraciətini diqqətə çatdırmışdır.

Bu bilik yarışının tələbələrin və şagirdlərin həyatında mühüm rol oynadığı, olimpiada iştirakçıları arasından gələcəkdə ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyi qeyd edilmişdir.

Tədbirdə, həmçinin Lənkəran, Astara, Lerik icra hakimiyyətlərinin və Masallı Rayon Təhsil Şöbəsinin nümayəndələri çıxış edərək iştirakçıları Konstitusiya günü münasibətilə təbrik etmiş, Olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda olimpiadada yüksək bal toplayaraq fərqlənmiş tələbələrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.