2004-09-03 Konstitusiya Məhkəməsində -Konstitusiya Məhkəmələrinin təcrübəsində presedentin rolu- mövzusunda beynəlxalq seminar

Xəbərlər

2004 Sep

2004-cü il sentyabrın 3-də Konstitusiya Məhkəməsində "Konstitusiya Məhkəmələrinin təcrübəsində presedentin rolu" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Avropa Şurasının Venesiya Komissiyası təşkil etmişlər. Tədbirdə xarici qonaqlardan Avropa Şurası Venesiya Komissiyasının katibi cənab Canni Bukikkio, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev, Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin əlaqələndiricisi Piter Kruyiq, Çexiya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Stanislav Balik, Belçika Krallığının Arbitrac (Konstitusiya) Məhkəməsinin hakimi Can-Pol Norman və Avropa Şurası Venesiya Komissiyasının konstitusiya mühakiməsi şöbəsinin rəhbəri Rudolv-Şnuts Dyurr iştirak etmişlər. 
Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidenti Adminstrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri və Venesiya Komissiyasının üzvü Lətif Hüseynov, Ali və Apellyasiya Məhkəmələrinin, Ədliyyə Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkilin, Vəkillər Kollegiyasının nümayəndələri, eləcə də bəzi rayon məhkəmələrinin sədrləri və hakimləri iştirak etmişlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayev, hakimlər və həmçinin şöbə və sektorların müdirləri tərəfindən təmsil olunurdu. Seminarda ATƏT, Alman Texniki Əməkdaşlıq Cəmiyyəti (QTZ), eləcə də Amerika Hüquqşünaslar Cəmiyyəti (ABA) kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdi. 
Seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında yeri məsələsi, konstitusiya hüququnun bir sıra doktrinal məsələləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətində presedentin rolu, ABŞ-da xarici məhkəmə təcrübəsinin tətbiqinə münasibətdə presedent və debatlardan istifadə edilməsi, Konstitusiya Məhkəmələri üçün presedentin (milli, xarici, beynəlxalq) dəyəri, Konstitusiya Məhkəməsinin presedenti Azərbaycanda hüququn mənbəyi kimi və s. məsələlər müzakirə olunmuşdur. Cənab Valeri Zorkin öz çıxışında Rusiya Konstitusiya Məhkəməsinin presedenti və hüquqi mövqeləri, Konstitusiya Məhkəməsinin qərarlarının hüquq mənbəyi kimi tanınması, Rusiya Konstitusiya Məhkəməsinin təcrübəsi üçün beynəlxalnq hüququn prinsip və normalarının, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqelərinin əhəmiyyəti kimi məsələlərə toxunmuş və Məhkəmənin təcrübəsindən bir sıra maraqlı nümunələr gətirmişdir. Sonda o, presedent vasitəsilə ümumi hüquqi ərazinin yaranmasının vacibliyini qeyd etmişdir. 
Digər məruzələrdə xarici qonaqlar öz ölkələrinin konstitusiya nəzarəti orqanlarının presedentin tətbiqi sahəsində təcrübəsini bölüşmüş və azərbaycan hakimlərinin suallarına cavab vermişlər, hakimlər isə öz növbələrində presedentin konstitusiya məhkəməsinin və eləcə də ümumi yurisdiksiya məhkəmələrinin təcrübəsinə təsirinə münasibətdə nöqteyi-nəzərləri ilə bölüşmüşdür.