2013-09-02 Konstitusiya Məhkəməsinin sədri Qazaxıstanda səfərdə olmuşdur

Xəbərlər

2013 Sep

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev avqustun 27-dən 31-dək Qazaxıstanın Konstitusiya Gününə həsr edilmiş “Konstitusiya dövlətin və cəmiyyətin inkişaf strategiyasının əsasıdır” mövzusunda Avrasiya Beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün Astanada səfərdə olmuşdur.
Konfransda Avropanın və Asiyanın bir sıra ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri, Avropa Şurasının, habelə Qazaxıstanın mərkəzi dövlət orqanlarının rəhbərləri iştirak etmişlər.
Tədbirin açılışında Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami Prezident Nursultan Nazarbayevin konfrans iştirakçılarına ünvanlanmış təbrik məktubunu səsləndirmişdir.
Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri açılış nitqi ilə çıxış etmişdir. F.Abdullayev çıxışında təşkilatçıları salamlayaraq Azərbaycan və Qazaxıstan respublikaları arasında bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsindəki əməkdaşlığı qeyd etmişdir. O, bu əməkdaşlığa dövlətlərimizin başçıları İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən xüsusi diqqət yetirildiyini vurğulamışdır.
Konfransın praktiki hissəsində Konstitusiyanın cəmiyyətin inkişafında rolu, Konstitusiya Məhkəməsinin qanunçuluğun təmin edilməsinə töhfəsi, Konstitusiya Məhkəməsi ilə parlament arasında qarşılıqlı əlaqələr və digər hüquqi məsələlər müzakirə edilmişdir.
Səfər çərçivəsində Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri və üzvləri, digər dövlətlərin Konstitusiya məhkəmələrinin sədrləri və hakimləri ilə görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran hüquqi məsələlər müzakirə edilmişdir.
Avqustun 29-da Konstitusiya Gününə həsr olunmuş möhtəşəm rəsmi dövlət konserti olmuşdur.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Konstitusiya Məhkəməsinin sədri ilə birgə görüş və tədbirlərdə iştirak etmişdir.