2013-07-13 “XXI əsrdə Konstitusiya ədalət mühakiməsi: xüsusiyyətləri və inkişaf yolları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir

Xəbərlər

2013 Jul

İyulun 12-də Bakıda, “JW Marriott Absheron” mehmanxanasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunmuş “XXI əsrdə Konstitusiya ədalət mühakiməsi: xüsusiyyətləri və inkişaf yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Konstitusiya Məhkəməsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 15 illiyinə həsr edilmiş təqdimat nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək tədbirin əhəmiyyətini vurğulamış, Azərbaycan Konstitusiyasının dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunmasında görülən işlərdən, əldə edilən uğurlardan danışmışdır. Bildirilmişdir ki, 15 il əvvəl - 1998-ci il iyulun 14-də Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq Konstitusiya nəzarəti orqanı fəaliyyətə başlamışdır. Konstitusiya nəzarəti ideyası Konstitusiyanın aliliyinin və birbaşa qüvvəsinin təmin edilməsinin mühüm mexanizmlərindən biri kimi formalaşmış, müasir dövrdə isə demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin ayrılmaz atributlarından birinə çevrilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev demişdir ki, hüquqi mədəniyyətin mühüm ünsürlərindən biri kimi Konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir. Hüquqi dövlətdə Konstitusiya nəzarəti orqanının fəaliyyəti vasitəsilə hüququn aliliyini təmin etmək, qanunvericilik sistemində olan kolliziyaları aradan qaldırmaq, dövlət orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri istisnasız olaraq hüquqi vasitələrlə həll etmək, pozulmuş hüquq və azadlıqları bərpa etmək imkanı yaranır, hüququn tətbiqi praktikasında ahəngdar, məntiqi inkişaf təmin olunur, siyasi sistemin əsas subyektlərinin davranışı üzərində Konstitusiya nəzarəti həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması olduqca mütərəqqi və əhəmiyyətli hadisə idi.
Fərhad Abdullayev xüsusi vurğulamışdır ki, ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, Konstitusiya nəzarəti orqanının real fəaliyyətə başlaması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü olaraq onun adı ilə birbaşa bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya nəzarətinin səmərəli həyata keçirilməsi həm də bu institutun özünün təkamülünü nəzərdə tutur. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən genişmiqyaslı demokratikləşmə prosesləri, insan hüquq və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsi ölkəmizin Avropaya inteqrasiyası ilə paralel getmişdir. Bütün bunlar və Avropa Şurasına daxil olarkən Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ölkəmizdə Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edirdi. Məhz bu zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Konstitusiyanın mətninə bir sıra dəyişikliklər edilmiş, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət hüququna malik subyektlərin dairəsi genişlənmiş, ombudsman, məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə etmişlər.
Sədr diqqətə çatdırmışdır ki, Konstitusiya islahatlarının ardınca qəbul edilmiş və 2004-cü il yanvarın 8-dən qüvvəyə minmiş “Konstitusiya Məhkəməsi haqqında” Qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətlərə baxılması proseduraları da müəyyənləşdirilmişdir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin genişlənməsi ilə nəticələnmiş Konstitusiya islahatları bütövlükdə dünyada gedən Konstitusiya nəzarətinin inkişafının müasir meyllərinə uyğun aparılmış, məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuş, Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi baxımından əlverişli zəmin yaratmışdır.
Konstitusiya Məhkəməsinin sədri daha sonra demişdir: “Böyük fərəh hissi ilə qeyd etmək istərdim ki, 15 il bundan əvvəl Azərbaycanın hüquq sistemi və ictimaiyyəti üçün tamamilə yeni institut olan Konstitusiya Məhkəməsi ötən illər ərzində ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi məqsədlərinə xidmət etmişdir. Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi milli hüquq sisteminin və qanunvericiliyinin inkişafına öz töhfəsini vermiş, onları konstitusionalizm ideyaları ilə zənginləşdirmişdir”.
Fərhad Abdullayev bildirmişdir ki, bu gün Konstitusiya nəzarəti orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri də Konstitusiya ədalət mühakiməsinin müasir meyllərinin davamlı olaraq izlənilməsi və öz fəaliyyətində faydalanmasıdır. Bu baxımdan məhkəməmiz beynəlxalq təcrübəyə böyük diqqət yetirməklə öz qərarlarında beynəlxalq hüququn müddəalarına, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqlarına istinad edir. Bu meyl, ilk növbədə, qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiqinin zəruriliyindən irəli gəlir. Digər tərəfdən isə bu amil daha keyfiyyətli qərarların qəbul edilməsinə, həmçinin məhkəmənin mövqeyinin zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.
Sevindirici haldır ki, Prezident İlham Əliyev Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı proseslərinə daim xüsusi diqqət yetirir. Bu gün ölkəmizdə davam etdirilən məhkəmə və hüquq islahatları ədalət mühakiməsinin keyfiyyət baxımından daha da inkişafına, şəffaflığın və obyektivliyin, insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.
Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin bir qrup əməkdaşının yüksək fəxri adlara, orden və medallara layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı dövrdən xarici ölkələrin Konstitusiya nəzarəti orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə xüsusi önəm vermişdir. Təsadüfi deyildir ki, biz öz 15 illik yubileyimizi məhz beynəlxalq konfrans keçirməklə qeyd edirik. İnanıram ki, konfrans çərçivəsində müasir dövrdə Konstitusiya ədalət mühakiməsinin xüsusiyyətləri və inkişaf yolları, onun müasir meyllərinə dair maraqlı çıxışlar dinləyərək Konstitusiya hüququnun müxtəlif problemlərinə dair faydalı fikir mübadiləsi və müzakirələr aparmağa müvəffəq olacağıq.
Konfransda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov diqqətə çatdırmışdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri respublikamızda demokratik prinsiplərin bərqərar olması idi. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Azərbaycanda qurmaq istədiyimiz hüquqi dövlətin prinsipləri bu aktda təsbit olunmuşdur. Buna baxmayaraq, Azərbaycanın yalnız 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyasında bu prinsiplərin bərqərar edilməsinə nail olunmuşdur. Həmin dövrdə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanması məqsədilə komissiya yaradılmışdır.
Ziyafət Əsgərov qeyd etmişdir ki, bu gün Azərbaycanda Konstitusiya nəzarətini Konstitusiya Məhkəməsi həyata keçirir. Bu da hüquqi institut kimi Konstitusiyamızda təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin qarşısında duran əsas vəzifə Konstitusiyanın aliliyini, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin etməkdir.
Milli Məclis sədrinin birinci müavini razılıq hissi ilə vurğulamışdır ki, Konstitusiya Məhkəməsi yarandığı gündən Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində çox böyük işlər görmüşdür. 2002-ci il avqustun 24-də Azərbaycanda referendum keçirilmiş və nəticədə Konstitusiya Məhkəməsinin icraat dairəsi daha da genişlənmişdir. Konstitusiya Məhkəməsi milli-daxili qanunvericiliyik aktlarının mühafizəsi ilə yanaşı, Konstitusiyanın müddəalarının və digər qanunvericilik aktlarının şərhləri ilə də məşğul olur. Bu institut ölkəmizdə hüquqi maarifçiliyə, qanunun aliliyinə və hüquqi dövlət quruculuğuna xidmət göstərən proseslərdə fəal iştirak edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunun müdiri Çingiz Əsgərov bildirmişdir ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin inkişaf istiqamətlərini hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu kimi müəyyənləşdirmiş, insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi, onun mexanizmlərinin yaradılmasını isə başlıca vəzifə olaraq təsbit etmişdir.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırmışdır ki, Konstitusiya Məhkəməsinin yaradılmasının əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş demokratik, hüquqi dövlət quruculuğu prosesinin başlıca mərhələlərindəndir. Ulu Öndərin müəyyən etdiyi prioritetlər əsasında ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində insan hüquqlarının qorunması cəmiyyətin qarşısında duran ümdə vəzifələrdən birinə çevrilmişdir.
Bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Azərbaycanın hüquq sistemi üçün yeni təsisat olmasına baxmayaraq, bu qurum demokratik, hüquqi dövlət quruculuğu, dövlət orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə öz dəyərli töhfəsini verməkdə davam edir.
Konstitusiya Məhkəməsi fəaliyyətini Konstitusiyanın aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurmaqla özünü insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi kimi təsdiq etmişdir. Bu institut, həmçinin fəaliyyəti müddətində dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə xidmət etmiş, qəbul etdiyi qərarları ilə hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına hörmət və ehtiramla yanaşması, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli təmin olunması, ölkədə vahid məhkəmə praktikasının yaradılması istiqamətində fəaliyyət göstərmişdir.
Çingiz Əsgərov əminliklə bildirmişdir ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər kontekstində qarşıda duran əhəmiyyətli vəzifələrin həlli naminə Konstitusiya Məhkəməsi bundan sonra da fəal mövqe nümayiş etdirəcək, ölkəmizdə demokratik və hüquqi dəyərlərin inkişafına, milli qanunvericiliyimizin müasir dünya sistemində inteqrasiyasına öz dəyərli töhfələrini verməkdə davam edəcəkdir.
Bakıda iki ildən artıqdır fəaliyyət göstərdiyini deyən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı layihə rəhbəri Tomas Melser konfransın əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr edilmiş konfransda müxtəlif ölkələrdən nümayəndələrin iştirakı beynəlxalq miqyasda bu təsisata olan hörmətin əlamətidir.
Azərbaycanda rəhbərlik etdiyi təşkilatın səmərəli fəaliyyəti üçün geniş imkanların yaradıldığını qeyd edən Tomas Melser diqqətə çatdırmışdır ki, biz bu müddət ərzində sıx, işgüzar əməkdaşlığa, qarşılıqlı anlaşmaya nail olmuşuq.
Konfransda çıxış edən Xorvatiya Konstitusiya Məhkəməsinin sədri Yasna Omeyets Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması və məhkəmə islahatları sahəsində atılan addımları yüksək qiymətləndirmişdir.
Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç və Avstriya Respublikası Konstitusiya Məhkəməsinin sədri Gerhart Holzinger konfransda təbrik nitqi ilə çıxış etmişlər.
H.Kılıç bildirmişdir ki, XXI əsrdə, iqtisadiyyatın və ictimai həyatın qloballaşdığı bir dünyada hüququn da qloballaşması qarşısıalınmaz bir reallığa çevrilmişdir. Bu reallıq belə bir beynəlxalq konfransın Azərbaycanda təşkilinə zərurət yaratmışdır. Tədbirin keçirilməsi problemlərin müzakirə edilməsi, onların həlli yollarının araşdırılması, yalnız ölkələrimizin deyil, eyni zamanda, bəşəriyyətin firavanlığı, qardaşlığı və sülh üçün atılacaq ən dəyərli addımdır.
Türkiyəli qonaq diqqətə çatdırmışdır ki, insanların hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması üçün ən son instansiya kimi məhkəməyə müraciət edilir. Məhkəmə isə öz növbəsində bu vəzifəni yerinə yetirərkən din, dil, irqi ayrı-seçkilik etmədən bütün insanlığa qarşı ədalətli davranmağa borcludur.
Konfransın əhəmiyyətini vurğulayan Türkiyə Konstitusiya Məhkəməsinin sədri Azərbaycan Konstitusiya Məhkəməsinin təşkil etdiyi tədbirin dünyada sülhün və əmin-amanlığın qorunmasına böyük töhfə verəcəyinə əminliyini bildirmişdir.
Sonra Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri İqor Rogovun “Qazaxıstan Respublikasında Konstitusiya nəzarəti: təcrübə və perspektivlər”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin seksiya sədri xanım İsabello Berro-Lefevrenin “Avropada insan hüquqlarının müdafiəsində milli hakimiyyət orqanlarının, xüsusilə məhkəmələrin rolu”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevin “İnsan hüquq və azadlıqlarının müdafiəsi: müasir çağırışlar və perspektivlər”, Macarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Peter Pakzolayın “Qanunların abstrakt nəzarəti və fərdi şikayətlər” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirin ikinci hissəsində Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Georgi Papuaşvilinin “Gürcüstan Konstitusiya Məhkəməsinin son qərarlarına uyğun olaraq insan hüquq və azadlıqlarının müasir anlayışı”, Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviçin “Belarus Respublikasında Konstitusiya ədalət mühakiməsinin xüsusiyyətləri və inkişafı”, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi
Qadis Hacıyevin “XXI əsrdə Konstitusiya ədalət mühakiməsinin sosiolizasiyası, qənaəti və mənəviyyatçılığı”, Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin hakimi xanım Stefka Stoevanın “Bolqarıstan Konstitusiya Məhkəməsinin təcrübəsində Bolqarıstan Respublikası vətəndaşlarının əsas hüquqlarının müdafiəsi” mövzularında məruzələri maraqla qarşılanmışdır.
Daha sonra elmi konfransda məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.
Elmi konfransın sonunda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və GİZ-in ölkəmizdəki layihə rəhbəri Tomas Melser yekun nitqi söyləmişlər.