Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin ölkəmizdə demokratik dövlət quruculuğu sahəsində xidmətlərindən, Ümummilli Liderin böyük səyi və təşəbbüsü ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən geniş söhbət açmışdır.
Bu il keçirilən olimpiadanın ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilməsini xüsusi vurğulayan Fərhad Abdullayev demişdir ki, 1995-ci ildə özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin olunması, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi istəyi ilə keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir.
Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir.
F.Abdullayev vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.
Ulu Öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir.
Diqqətə çatdırılmışdır ki, Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir.
Fərhad Abdullayev bildirmişdir ki, Konstitusiya Məhkəməsi bir neçə ildir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirməsi istiqamətində əhəmiyyətli tədbirlər görməkdədir. Məhz olimpiadanın keçirilməsi də Milli Fəaliyyət Planı çərçivəsində reallaşdırılır.
Olimpiada barədə məlumat verən Konstitusiya Məhkəməsinin sədri qeyd etmişdir ki, bilik yarışmasının əsas xüsusiyyətlərindən biri qeyri-hüquq fakültələrində təhsil alan tələbələrin bu işə cəlb edilməsidir. İlk dəfə olaraq bu bilik yarışmasına kollec tələbələri də qatılmışlar. Olimpiadada ümumilikdə 800-ə yaxın gənc iştirak etmişdir. Qısa müddətdə əməkdaşlarımızın səyi nəticəsində qaliblər müəyyən olunmuşdur.
Ali təhsil müəssisələri arasında I – ci yeri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, II – ci yeri Milli aviasiya Akademiyası və Turizm İnstitutu, III – cü yeri Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, kolleclər arasında isə I – ci yeri Bakı Humanitar Kolleci, II – ci yeri Bakı Kompüter Kolleci, III – cü yeri isə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci tutmuşdur. Təqdirə layiq haldır ki, hər biri 2 balla qiymətləndirilən 50 sualı cavablandıraraq 98, 96, 94 bal toplayan tələbələr olmuşdur.
Müvəffəqiyyətlə başa çatmış olimpiadanın əhəmiyyətini vurğulayan natiq hüquqi biliklərin əldə edilməsində hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşıyan tədbirə qoşulan tələbələrə uğurlar arzulamışdır. Bu bilik yarışının tələbələrin həyatında mühüm rol oynadığı, olimpiada iştirakçıları arasından gələcəkdə ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyi qeyd edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş olimpiadanın təşkil edilməsinə və yüksək səviyyədə keçirilməsinə görə Konstitusiya Məhkəməsinin sədrinə və kollektivinə öz təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda F.Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adından olimpiadanın hər bir iştirakçısını təbrik etmiş, onların ölkəmizin layiqli vətəndaşları olacaqlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişafına öz dəyərli töhfələrini verəcəklərinə əmin olduğunu bildirmişdir.