2013-04-23 Cari ildə Konstitusiya Məhkəməsinə 424 ərizə və şikayət daxil olmuşdur

Xəbərlər

2013 Apr

Cari ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 424 ərizə və şikayət daxil olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.1-ci maddəsinə uyğun olaraq verilmiş şikayətlərin 111-i Konstitusiya Məhkəməsi Palatasının iclaslarında müzakirə edilməsi və həmin Qanunun 7-ci, 52-ci maddələrində nəzərdə tutulmuş qaydada həll edilməsi üçün Konstitusiya Məhkəməsinin hakimlərindən ibarət olan palatalara verilmişdir. 102 ərizə və şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına, 164 cavab məktubu isə Konstitusiya Məhkəməsinin səlahiyyətləri izah edilməklə vətəndaşlara göndərilmişdir.
Bəzi hallarda vətəndaşların ərizə və şikayətləri əsasında Konstitusiya Məhkəməsinin rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına bu və ya digər hüquq pozuntularına dair müraciətlər edilərək, diqqətləri həmin məsələlərə cəlb olunmuşdur.
Bu ilin yanvar–mart ayları üzrə Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin 158-ni məhkəmə aktlarından verilən şikayətlər təşkil edir ki, bunlar da mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır.
Yanvar–mart ayları üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 5 qərar qəbul edilmişdir.