2013-04-09 Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Ukrayna arasında məhkəmə-hüquq əməkdaşlığı uğurla inkişaf edir

Xəbərlər

2013 Apr

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev aprelin 9-da Ukrayna Ali Məhkəməsi sədrinin müavini Valentin Barbaranın rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür. 
 
Fərhad Abdullayev Azərbaycan ilə Ukrayna arasındakı dostluq münasibətlərinin qədim tarixindən danışmışdır. Bildirilmişdir ki, dövlətlərimizin başçılarının səyi nəticəsində əlaqələrimiz bütün sahələrdə inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı imzalanmış çoxsaylı rəsmi sənədlər əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın və Ukraynanın Konstitusiya və Ali məhkəmələri, eləcə də digər hüquq mühafizə orqanları arasında əməkdaşlıq əlaqələri genişlənir və inkişaf edir. Bu səfər də məhkəmələrimiz arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir.
 
Sonra qonaqlara Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar, Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
 
Qeyd olunmuşdur ki, 1998-ci ildə yaradılan Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir. Bu günədək Konstitusiyaya 2 dəfə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər cəmiyyətimizin inkişafı ilə bağlı zərurətdən irəli gəlmişdir.
 
Məlumat verilmişdir ki, müstəqil dövlət orqanı olan Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir və onun əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini, vətəndaşların əsas hüquq və azadlıqlarının müdafiəsini təmin etməkdir.
 
Valentin Barbara ətraflı məlumat görə nümayəndə heyəti adından minnətdarlıq etmişdir.
 
Dost və qardaş Azərbaycana səfərdən məmnun qaldırdıqlarını vurğulayan V.Barbara demişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan həqiqətən də sürətli inkişaf yolu keçmiş, ölkədə güclü, demokratik, hüquqi dövlət qurulmuşdur. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilməsi böyük nailiyyətdir və təqdirəlayiqdir. İnanırıq ki, bu cür səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsi üçün geniş imkanlar açır.
 
Görüşdə yüksək məhkəmə orqanları tərəfindən qəbul edilən qərarlar, habelə hakimlərin fəaliyyəti ilə bağlı digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
 
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

Görüşdə, həmçinin iki ölkənin yüksək məhkəmə orqanlarının hakimləri, aparatın nümayəndələri və Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko iştirak etmişdir.