Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun dəvəti ilə fevralın 18-dən 22-dək bu ölkədə rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində F.Abdullayev indoneziyalı həmkarı M.Mahfud və digər hakimlərlə geniş tərkibdə görüş və formalaşmış məhkəmə praktikası barədə ətraflı fikir mübadiləsi keçirmişdir.
Görüşdən sonra İndoneziya Konstitusiya Məhkəməsinin salonunda təntənəli surətdə iki ölkənin Konstitusiya Məhkəmələri arasında Anlaşma Memorandumu imzalanmışdır.
Daha sonra Fərhad Abdullayev geniş auditoriya qarşısında Azərbaycan Konstitusiya Məhkəməsinin yaranma tarixi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı mühazirə oxumuş və suallara cavab vermişdir.
Diqqətə çatdırılmışdır ki, geniş hüquqi islahatlar nəticəsində Azərbaycan Respublikasında müasir məhkəmə sistemi qurulmuş, beynəlxalq hüquq normalarını özündə ehtiva edən qanunvericilik bazası yaradılmışdır.
Qeyd edilmişdir ki, qısa müddət ərzində böyük uğurlar qazanmış ölkəmiz beynəlxalq aləmdə mütərəqqi və əməkdaşlığa hazır olan bütün ölkələrlə əlaqələri inkişaf etdirməyə hazırdır. Daha sonra auditoriyaya Ermənistanın Azərbaycanın torpaqlarına qarşı edilmiş təcavüzü və beynəlxalq hüquq normalarına zidd olan hərəkətləri barədə ətraflı məlumat verilmişdir.
Səfər çərçivəsində F.Abdullayev İndoneziya parlamentinin nümayəndələr palatasının sədri Marzuki Əli, regional nümayəndələr palatasının sədri İrman Qusman, Xalq Məşvərət Şurasının sədri Tofiq Kimas, ölkənin Ali Məhkəməsinin sədri Məhəmməd Hatta Əli, Məhkəmə komissiyasının sədri Eman Suparman, qanunvericilik və insan hüquqları naziri Amir Şamsuddin ilə görüşlər keçirmiş, hüquqi müzakirə və fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, Konstitusiya Məhkəməsinin nümayəndə heyətinin üzvləri hakim Ceyhun Qaracayev və Aparat rəhbəri Rauf Quliyev indoneziyalı həmkarları ilə təcrübə mübadiləsi aparmış, hakimlərin və aparatın praktiki fəaliyyəti məsələlərini müzakirə etmişlər.
Səfərin son günü nümayəndə heyəti İndoneziyanın müasir siyasi tarixində xüsusi yer tutan Bandunq şəhərini ziyarət etmiş, tarixi əhəmiyyət daşıyan Afrika və Asiya dostluq Evində icra hakimiyyətinin rəhbərliyi ilə görüş keçirmişdir.
Səfər müddətində Azərbaycan nümayəndə heyətini ölkəmizin İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev müşayiət etmişdir.