2012-11-08 Azərbaycan Respublikasının Konstitusiyası – 17 il. “Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir” Heydər Əliyev

Xəbərlər

2012 Nov

Hər bir sivil cəmiyyətin əsas əlamətini onun məhz yazılmış qanunlar əsasında inkişafı təşkil edir. Cəmiyyətin üzvləri arasında ictimai münasibətlər insan həyatının bütün aspektlərini əhatə etdiyindən bu münasibətlərin hüquqi nizama salınmasına ehtiyac duyulur. Eyni zamanda, ictimai münasibətlər inkişaf etdikcə buna uyğun olaraq, mövcud münasibətləri əks etdirən hüquq normaları dəyişir və dinamik şəkildə inkişaf edir. Bir sözlə, yeni ictimai münasibətlər yeni hüquq normalarının və hüquq sisteminin əmələ gəlməsinə səbəb olur. Bu normalar normativ aktlarda və məhkəmə presedentlərində ehtiva oluna bilər. Bu mənada dövlətin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası da cəmiyyətin və dövlət quruluşunun əsaslarını müəyyən edən ictimai münasibətləri nizama salır.

XX əsrin sonlarında bərpa olunan müstəqilliyimizin ilk illəri göstərdi ki, istiqlaliyyəti qoruyub saxlamaq, inkişaf etdirmək çox mürəkkəb və eyni zamanda, şərəfli vəzifədir. Həmin dövrdə hadisələrin inkişafı Əsas Qanunun qəbul edilməsi üçün zəruri olan ictimai mühitin, siyasi sabitliyin və nəhayət xalqın mənafelərini əks etdirən milli iradənin mövcud olmadığını göstərirdi. 
Belə bir çətin şəraitdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda siyasi sabitliyin bərqərar olunması və ölkə həyatının bütün sahələrində genişmiqyaslı islahatların başlanması üçün real imkanlar yarandı. Vətəndaş cəmiyyətinin yaradılması və hüquqi dövlət quruculuğunu dövlətin əsas prioriteti kimi bərqərar edən Azərbaycan qısa müddətdə irimiqyaslı qanunvericilik islahatlarını reallaşdırmaqla beynəlxalq birliyə sürətli inteqrasiya yolunda mühüm nailiyyətlər əldə etdi. Həyata keçirilən islahatlardan ən başlıcası 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi oldu.

Azərbaycan Respublikasının yeni Konstitusiyası humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəmin yaratdı. Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkan yaratdı. 
Bu mühüm hadisə dövlətçilik tariximizə şanlı bir səhifəni yazdı və dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin köklü dəyişdirilməsindən ibarət olmaqla, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.

Konstitusiyamız hazırlanan zaman hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların inkişaf istiqamətləri də nəzərə alınmış və bu prinsiplər özünəməxsus milli dəyərlərlə və müasir yanaşmalarla zənginləşdirilmişdir. Konstitusiyaya əsasən hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının Azərbaycan dövlətinin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericiliyin tərkib hissəsi kimi hüquqi qüvvəyə malik olması Əsas Qanunun mütərəqqi xarakter daşımasını təsbit edir.

Azərbaycan Respublikasının Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstiusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır və konstitusiya quruluşunun sabitliyini təmin edir.

Ümumiyyətlə qeyd edilməlidir ki, Konstitusiya bütün ölkələrdə norma yaradıcılığının əsaslarını formalaşdırır və bütün qanunvericilik sisteminin təməli kimi çıxış edir. Bu sistemdə yaranan boşluqlar və problemlər ilk olaraq Konstitusiyanın müddəaları nəzərə alınmaqla aradan qaldırılır.

Konstitusiya təsisedici xüsusiyyətdən başqa alilik, sabitlik, reallıq, legitimlik, dövlət və cəmiyyət həyatının əsasını təşkil etmə kimi xüsusiyyətlərə də malikdir. 

Hüquq sistemində Konstitusiyanın aliliyi onunla şərtlənir ki, Konstitusiya, sadəcə olaraq, əsas qanun və ya adi qanun deyil, o, digər qanunlarla müqayisədə ən yüksək hüquqi qüvvəyə malikdir. Buradan Konstitusiyanın ali hüquqi qüvvəyə malik olması meydana çıxır və bu da Konstitusiyaya növbəti xüsusiyyət verir: Konstitusiya normaları təkcə konstitusiya hüququnun əsas mənbəyi kimi yox, həmçinin hüququn digər sahələri – mülki hüquq, cinayət hüququ, inzibati hüquq və s. hüquq sahələri üçün də əsas mənbə kimi çıxış edir. Qanunlar və digər normativ hüquqi aktlar Konstitusiyanın rəhbər müddəalarına uyğun qəbul olunmalıdır.

Konstitusiyada ölkənin ictimai və dövlət quruluşunun əsasları müəyyən edilir. Hüquqi sənəd kimi Azərbaycan Respublikasının Konstitusiyası xüsusi məzmunundan, ali hüquqi qüvvəsindən, cari qanunvericiliyin hüquqi əsası kimi rolundan, onun qəbul edilməsi və dəyişdirilməsinin adi qanunvericilik prosesindən fərqlənən xüsusi qaydası ilə əlaqədar yüksək sabitlikdən ibarətdir. Əsas Qanunumuz ali hüquqi qüvvəyə malik olan, xüsusi qaydada qəbul edilən və dəyişdirilən, ölkənin sosial-iqtisadi quruluşunun, siyasi sisteminin və s. əsaslarını, şəxsiyyətin hüquqi statusunu müəyyən edən sənəddir. 

Eyni zamanda, Konstitusiyamız siyasi prosesləri nizama salan normativ aktdır. Ümumiyyətlə, dövlətin konstitusion əsasları bütün digər normalara münasibətdə ilkindir, çünki üç əsas subyektin - şəxsiyyətin, cəmiyyətin və dövlətin qarşılıqlı münasibətlərinin ən vacib xüsusiyyətlərini müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin deyil, eyni zamanda, sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını, insan və vətəndaş hüquq və azadlıqlarının vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası onun konstitusion quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, respublikamızda qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarını təsbit edir.

Azərbaycan Respublikası Konstitusiyasının birinci bölməsi dövlət və cəmiyyətlə bağlı münasibətlərin tənzimlənməsinə həsr olunmuşdur. Burada əsasən nizamlanan münasibətlər dolayısı ilə və ya birbaşa digər sosial institutlara toxunur. Dövlət və xalq konstitusiya hüququnun əsas subyektləri kimi qeyd olunmaqla, onların hüquqi statusu bir-biri ilə münasibətdə müəyyənləşdirilir. Dövlətin bir çox keyfiyyətləri və ya cəmiyyətin bir sıra əlamətləri məhz qarşı tərəfə - dövlətə, cəmiyyətə nisbətdə onu xarakterizə edir. Bu, onunla izah olunur ki, hüquqi dövlət nəinki hakimiyyətlər bölgüsündə, eyni zamanda, cəmiyyətdə mövcud olan sosial təsisatların nizamlanmasında dövlətin həmin subyektlərə özünüidarəetmə imkanı verməsi ilə xarakterizə edilir.

Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Əsas Qanun həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və ya digər xüsusiyyətlər nəzərə alınmaqla, konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Azərbaycan Respublikasının Konstitusiyasında sosial ədalət konsepsiyası da geniş formada öz əksini tapmışdır. Burada iqtisadiyyatın azad inkişafına təminat verilməklə, ölkənin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi funksiya olaraq dövlətin üzərinə qoyulur.

Əsas Qanunumuzda dövlətin roluna müasir cəmiyyət tələblərindən yanaşaraq, insan və vətəndaş hüquqlarının müdafiəsi dövlətin ali məqsədi kimi göstərilmişdir. Dövlətin ali məqsədi sivil cəmiyyətin tələbləri əsas götürülməklə insan və vətəndaş hüquqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir. Başqa sözlə, Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. 

Konstitusiya Azərbaycanda konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini (xalqın suverenliyini) bəyan edir, Azərbaycan xalqını hakimiyyətin yeganə mənbəyi elan edir və nəzərdə tutur ki, xalq öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Əsas Qanun Azərbaycan dövlətini hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu ehtiva edir, başqa sözlə, dövlətin öz təyinatını tam yerinə yetirməsi üçün bütün zəruri xüsusiyyətləri əks etdirir. Konstitusiya ölkədə sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi müxtəliflik və plüralizm kimi mühüm prinsipləri təsbit edir. Konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat əks olunur.
Azərbaycan Respublikası Konstitusiyası, ilk növbədə, milli hüquq sahəsidir. Hüquq anlayışı çoxmənalıdır. Geniş mənada hüquq həm sosial münasibətləri nizamasalma vasitəsinə, həm də bu sosial nizamasalma vasitəsini öyrənən fundamental elm kimi başa düşülür. Yəni, hüquq qanunvericiliklə normaya çevrilir, tətbiq, tədris və tədqiq edilir. 

Hüquq sosial hadisə olduğuna görə cəmiyyətdən cəmiyyətə müəyyən məsələlərdə fərqlənir. Bütün ölkələrin konstitusiya hüququ eyni deyildir. Onlar bir-birindən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər. Məsələn, Amerika Birləşmiş Ştatlarının konstitusiya hüququ Fransanın konstitusiya hüququndan fərqlənir. Bu, təbiidir. Bununla yanaşı, bütün konstitusiya hüququ elminin oxşar cəhətləri də vardır. Məsələn, əksər ölkələrin konstitusiya hüququ dövlət, şəxsiyyət və cəmiyyət arasındakı münasibətləri və əlaqələri nizama salır. Konstitusiya hüququ dövlət və cəmiyyətin təşkilinin, şəxsiyyətin hüquqi statusunun, yerli idarəetmənin və özünüidarəetmənin əsaslarını tənzimləyən hüquq sahəsidir.

Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılması olmuşdur. Əsas Qanunda öz əksini tapan prinsiplər çərçivəsində ölkəmizdə daha sonra həyata keçirilmiş məhkəmə-hüquq islahatları, məhkəmə hakimiyyəti orqanlarının bir sıra yeni funksiyalar əldə etməsinə geniş imkanlar yaratmışdır. Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına yönəlmiş qanunvericilik bazası formalaşmış, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi üçün çoxpilləli məhkəmə sistemi yaradılmışdır. 
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının xüsusiyyətlərindən biri də həmin dövrədək ölkəmizdə məhkəmə sistemi üçün səciyyəvi olmayan yeni institutun, dövlətçilik tariximizdə ilk dəfə olaraq konstitusiya nəzarəti orqanı – Konstitusiya Məhkəməsinin təsis edilməsi olmuşdur. 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı və ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı Fərmanla bu orqan rəsmi fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ–hüquqi aktların Konstitusiyaya və hüquqi iyerarxiyada özündən üstün qüvvəyə malik aktlara uyğunluğunun müəyyənləşdirilməsi, Konstitusiyanın və qanunların şərh edilməsi, hakimiyyətlər arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi kimi səlahiyyətlərə malikdir. Qeyd etmək lazımdır ki, bu səlahiyyətlər həm də ölkəmizin tarixində ilk dəfə olaraq məhkəmə hakimiyyətinin Konstitusiya Məhkəməsinin timsalında prinsipcə yeni fəaliyyət istiqamətləri və səlahiyyətlər əldə etməsi baxımından diqqətəlayiqdir.

Qanunvericilikdə Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyinin təmin edilməsi və hər kəsin hüquq və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilmişdir. Məhkəmə müstəsna olaraq, Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və milli hüquq sistemimizə öz töhfəsini verir.
Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır. 

Ötən müddət ərzində Konstitusiya Məhkəməsinin plenumu tərəfindən ümumilikdə 235 qərar və 52 qərardad qəbul edilmişdir. Qərarların böyük bir hissəsi insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olmuşdur.

Konstitusiya Məhkəməsinin 2005-ci il 25 yanvar tarixli qərarının hüquqi mövqeyinə görə, “Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüququn realizəsi təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Bu isə Məhkəmənin insan hüquq və azadlıqlarının pozuntusu ilə bağlı konkret işlər üzrə çıxardığı qərarlarının hüquq tətbiqedici orqanlar, o cümlədən məhkəmələr üçün hüququn mənbəyi qismində çıxış etməsini ehtiva edir.

Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkələrin Konstitusiya Məhkəmələri, Avropa Şurası, ATƏT, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bir sıra beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.

Belə ki, Konstitusiya Məhkəməsinin dəvəti ilə Türkiyə, Rusiya, Almaniya, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Bolqarıstan və digər ölkələrin konstitusiya nəzarət orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları ölkəmizə rəsmi səfərlər etmişlər.
Eyni zamanda, Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə mütəmadi olaraq, konstitusiya mühakiməsi, insan hüquq və azadlıqlarının müdafiəsi və digər müasir hüquqi məsələlərə həsr olunmuş birgə beynəlxalq seminar və konfranslar təşkil olunur. Xarici ölkələrin Konstitusiya Məhkəmələrinin, həmçinin beynəlxalq təşkilatların dəvəti ilə son dövrlər ərzində Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Slovakiya, Çexiya, Polşa, Belçika, Rumıniya, Albaniya, Moldova, Avstriya, Gürcüstan, Ukrayna və Koreya Respublikasına rəsmi səfərlər etmişlər. Konstitusiya Məhkəməsinin beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına daim böyük diqqət yetirdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinad edilir. 

Bununla yanaşı, qeyd etmək istərdim ki, yaranmış hüquqi məsələ ilə bağlı xarici təcrübənin öyrənilməsinə ehtiyac olduqda, Konstitusiya Məhkəməsi Avropa Şurasının Venesiya Komissiyasının vasitəsilə qısa müddət ərzində konkret hüquqi məsələlərlə bağlı digər Avropa Konstitusiya Məhkəmələri və konstitusiya nəzarəti orqanlarının məsləhət və rəylərini əldə edə bilir. Eyni zamanda, Venesiya Komissiyasının bütün Avropa Konstitusiya Məhkəmələri üçün ildə üç dəfə nəşr etdiyi bülletenlərdə Avropa Konstitusiya Məhkəmələrinin qərarları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları ingilis və fransız dillərində nəşr olunur. 

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir və onlarla əməkdaşlığa böyük önəm verir. Hesab edirik ki, məhz dövlət orqanları, xüsusilə də fəaliyyəti birbaşa insan hüquq və azadlıqlarının təmin edilməsi ilə əlaqədar olan qurumlar arasında əməkdaşlığın lazımi səviyyədə qurulması bu sahədə daha uğurlu nəticələrin əldə edilməsinə, insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq standartlara uyğun həyata keçirilməsinə imkan verə bilər. 

Respublikamızın hüquqi dövlət quruculuğu yolunu tutması ölkəmizin sosial və mənəvi həyatının yüksək zirvələrə doğru irəliləməsindən xəbər verir. Onun hüquq sistemi kompleks sosioloji tədqiqatların və digər işlərin həyata keçirilməsini, iqtisadi və siyasi sistemin normal fəaliyyətinin hüquqi əsasının analizini, bütövlükdə qanunvericilik prosesinin öyrənilməsini, insan hüquqları və vətəndaş azadlıqlarının real müdafiəsi üçün əsaslandırılmış tövsiyələrin işlənib hazırlanmasını nəzərdə tutur.

Bu gün dövlət orqanları və ictimaiyyət qarşısında duran əsas tələblərdən biri isə ölkə həyatını Konstitusiyanın tələblərinə uyğun qurmaq və onun tətbiqini, xüsusilə də ölkə ərazisində ali və birbaşa hüquqi qüvvəsini təmin etməkdən ibarətdir. Məhz konstitusion dəyərlər əsasında həyata keçirilən fəaliyyət, ümumi mənafelər üçün şəxsiyyət, cəmiyyət və dövlət arasında Konstitusiyanın müəyyən etdiyi çərçivələrdə birgə əməkdaşlıq Əsas Qanunun qarşıya qoyduğu məqsədlərin tam reallaşdırılmasına imkan verəcəkdir. Bu prizmadan ölkəmizdə hüquqi dövlət quruculuğunda dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti və ölkənin hər bir vətəndaşı da yaxından iştirak etməlidir. Çünki məhz cəmiyyət həyatının Konstitusiyanın tələblərinə uyğun qurmaq istisnasız olaraq hər kəsin qanuna əməl etməsini, hörmətlə yanaşmasını və müasir hüquq düşüncəsinin formalaşmasını tələb edir. 

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan, həyatımızın bütün sahələrini əhatə edən islahatlar prosesi və artıq əldə olunmuş böyük nailiyyətlər Azərbaycan dövlətinin parlaq və böyük gələcəyinə olan inamımızı bir daha artırır. Bu islahatlar milli səviyyədə bir çox fundamental problemlərin həllinə imkan yaratmaqla yanaşı, həm də ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətləndirir, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun günbəgün artmasına gətirib çıxarır.
Artıq 17 ildir ki, cəmiyyətimiz müasir Konstitusiya əsasında yaşayır. Bu dövr ərzində bir çox sahələrdə əldə edilmiş nailiyyətlər dövlətimizi sivil ölkələr ailəsinin tamhüquqlu üzvü olmasına əsas yaratmışdır.

Əmin olduğumu bildirmək istərdim ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Konstitusiya əsasında ölkəmizin modernləşməsinə yönəlmiş siyasəti hər bir vətəndaşın rifahını daha da yüksəldəcəkdir. 

Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarını müasir tariximizin əlamətdar bayramlarından biri – Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, xalqımıza xoşbəxt rifah və əmin-amanlıq arzulayıram. Eyni zamanda, Konstitusiya Günü ilə yanaşı, müstəqil Azərbaycanın dövlət rəmzlərindən biri olan Dövlət Bayrağı Günü münasibətilə də bütün vətəndaşlarımızı təbrik edirəm.

 

Fərhad Abdullayev

Azərbaycan Respublikasının Konstitusiya 

Məhkəməsinin sədri