Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin sədri G.Papuaşvilinin dəvəti ilə “Şərq tərəfdaşlığı” ölkələrinin Konstitusiya məhkəmələrinin milli qanunvericiliyin “Acquis Communautaire” ilə uyğunlaşma prosesində rolu” mövzusunda beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmişdir.
Тədbirdə Avropa İttifaqı ilə Şərqi Avropa ölkələri arasında “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirilən hüquqi əməkdaşlıqda Konstitusiya məhkəmələrinin rolu müzakirə olunmuşdur. Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus, Litva, Latviya, Sloveniya, Çexiya və digər Şərqi Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri, hakimləri və nümayəndələrinin iştirak etdiyi konfransda Konstitusiya məhkəmələri tərəfindən Avropa İttifaqı hüququnun məhkəmə praktikasında tətbiqi, milli qanunvericiliyin ümumi Avropa hüququ məkanına inteqrasiya edilməsi, vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun təmin olunması və digər məsələlər müzakirə edilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə “Hüquq normasının şərh edilməsi vasitəsilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin milli qanunvericiliyin təkmilləşdirilməsində rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Səfər zamanı Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Rauf Quliyev bəzi Şərqi Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri ilə görüşlər keçirmiş və məhkəmələrin hakim heyətləri və aparatları arasında əməkdaşlıq məsələlərini müzakirə etmişlər.