Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sentyabrın 5-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay ilə görüşmüşdür.
F.Abdullayev qonağı salamlamış, Konstitusiya Məhkəməsinin beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əməkdaşlığının hüquq sisteminin müasirləşdirilməsi və ədalət mühakiməsinin təkmilləşdirilməsi üçün vacib olduğunu qeyd etmişdir.
Eyni zamanda, xüsusi olaraq vurğulanmışdır ki, keçən 14 il ərzində Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi 230 qərar və 52 qərardadla Konstitusiya Məhkəməsi Konstitusiyanın prinsip və dəyərlərini təmin etməyə çalışmışdır. Həmin qərarlar öz növbəsində digər məhkəmələr və dövlət orqanları üçün praktiki əhəmiyyət kəsb etməklə yanaşı, respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarına mühüm töhfə verir.
Səfir Koray Tarqay ATƏT-in Bakı ofisinin Azərbaycan Respublikasının məhkəmə orqanları, o cümlədən Konstitusiya Məhkəməsi ilə hüquqi əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, hakim və məhkəmə əməkdaşları üçün təşkil olunan təlimlər Avropa məhkəmə praktikası ilə yaxından tanış olmağa və öz fəaliyyətində tətbiq etməyə geniş imkanlar verir.
Səfir Koray Tarqay, 2013-cü ildə Konstitusiya Məhkəməsinin 15 illik yubileyinə həsr edilmiş tədbirlərdə ATƏT-in ekspertlərinin iştirakını təklif etmişdir.
ATƏT rəsmisi həmin gün Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 132.1.1-ci və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair Goranboy Rayon Məhkəməsinin müraciətinə baxılması ilə bağlı iclasında da iştirak etmişdir.