2012-05-10 Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir

Xəbərlər

2012 May

Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş “Azərbaycanın 101-ci şansı” adlı sənədli filmi izləmişlər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və Azərbaycan dövlətçiliyinin üzləşdiyi digər faciəvi hadisələri xatırlatmışdır. Qeyd edilmişdir ki, belə bir məqamda qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmsil edə biləcək ümummilli liderə və tarixi şəxsiyyətə ehtiyac özünü büruzə vermişdir.

Beləliklə, Azərbaycan xalqı öz taleyini yenə də Heydər Əliyevə etibar etməklə tarixi seçim etmişdir. Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsi, yenilməz iradəsi, müdrik siyasi məharəti ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas edə bilmiş, böyük şəxsiyyətin qüdrəti sayəsində xalqımızı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirərək möhtəşəm tarixi missiyanı uğurla yerinə yetirmişdir.

Sədr Fərhad Abdullayev vurğulamışdır ki, bütün mənalı ömrünü Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun təşəbbüsü ilə başlanmış və bu gün də Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə uğurla davam edən hüquqi islahatlarla yanaşı, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhfə olmuşdur.

Eyni zamanda, xüsusilə qeyd edilmişdir ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızın dünyada nüfuzlu dövlətlər sırasına daxil edən quruculuq işləri məhz ulu öndər Heydər Əliyevin siyasi irsinin davamı kimi qiymətləndirilir.

Tədbirdə çıxış edən digər natiqlər də ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi sahəsindəki çoxşaxəli və yorulmaz fəaliyyətindən ətraflı danışmışlar.