2012-04-30 Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Türkiyə Konstitusiya Məhkəməsinin 50 illiyi tədbirlərində iştirak etmişdir

Xəbərlər

2012 Apr

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 50 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək məqsədilə aprelin 24-dən 27-dək Ankarada səfərdə olmuşdur. 

Yubiley tədbirlərində 60-a yaxın ölkənin Konstitusiya məhkəmələrinin sədr və hakimləri iştirak etmişlər.
Təntənəli mərasimdə Türkiyə Anayasa Məhkəməsinin yeni hakimləri and içmişlər. 
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, parlamentin sədri Cəmil Çiçək, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Avropa Məhkəməsinin sədri Nokolas Bratsa çıxış etmişlər. 
Yubiley tədbirləri çərçivəsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsində Konstitusiya məhkəmələrinin rolu” mövzusunda beynəlxalq elmi simpozium keçirilmişdir.

Simpoziumda Avropa Konstitusiya məhkəmələri tərəfindən insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və Avropa Məhkəməsinin praktikasının tətbiqinin vacibliyi müzakirə edilmiş, müasir dövrdə Konstitusiya məhkəmələrinin üzərinə düşən vəzifələr, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmləri, habelə qarşılıqlı məhkəmə əməkdaşlığının praktiki məsələləri ilə bağlı fikir mübadilələri aparılmışdır.
Simpozium zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə Respublikasının dövlətçilik tarixində Anayasa Məhkəməsinin rolunu xüsusilə qeyd etmiş, Azərbaycanın və Türkiyənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.