2011-11-03 Konstitusiya Məhkəməsinin Sədri F.Abdullayevin Türkiyə Respublikasının Ədliyyə Naziri ilə görüşü

Xəbərlər

2011 Nov

Noyabrın 2-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, Vanda baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı qardaş Türkiyə xalqına başsağlığını çatdırmışdır. F.Abdullayev bu ağır gündə Azərbaycanın Türkiyəyə yardım etməsini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəm təməllərə əsaslandığının bariz nümunəsi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bir daha nümayiş etdirdi ki, ölkələrimiz dar gündə də bir-birinə dayaqdır.
Demokratik cəmiyyətlərdə Konstitusiya məhkəmələrinin mühüm rolunu qeyd edən F.Abdullayev Azərbaycanda 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat vermişdir. 
Türkiyə Konstitusiya Məhkəməsinin böyük və şərəfli yol keçdiyini qeyd edən F.Abdullayev qardaş ölkələrimizin konstitusiya nəzarəti orqanları arasında möhkəm əlaqələrin olduğunu vurğulamış, əməkdaşlıq haqqında memorandumun imzalandığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri hər zaman bir-birini fəal dəstəkləmişlər. 
Konstitusiya Məhkəməsinin sədri Azərbaycan ilə Türkiyə arasında əlaqələrimizin bütün sahələrdəki sürətli inkişafının məhkəmə-hüquq sahəsində də aydın göründüyünü diqqətə çatdırmışdır. 
Bakıya səfərindən məmnunluğunu bildirən Türkiyənin ədliyyə naziri Sadullah Ergin Azərbaycanda bütün sahələrdə, o cümlədən konstitusiya hüququ sahəsində inkişafı yüksək qiymətləndirmişdir.
Qonaq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini ölkəmizin müstəqilliyinin bərpasından ötən 20 ildə əldə etdiyi böyük nailiyyətlərin məntiqi nəticəsi olduğunu söyləmişdir. 
Nazir demişdir ki, bir millətin iki dövləti olan Azərbaycanın və Türkiyənin əldə etdiyi uğurlar bizi məmnun edir.
Tarix boyu xalqlarımızın qardaşlıq münasibətlərinə söykənərək bir-birinin yanında olduqlarını deyən nazir S.Ergin Vandakı təbii fəlakət zamanı ilk yardımın Azərbaycandan edilməsini bu əlaqələrin möhkəmliyindən xəbər verdiyini bildirmişdir.
Nazir S.Ergin F.Abdullayevi ölkəsinə səfərə dəvət etmişdir. 
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Sonda qonaqlar Konstitusiya Məhkəməsində yaradılmış iş şəraiti ilə tanış olmuşlar.