Konstitusiya Məhkəməsində keçirilən Könüllü Proqramında iştirak edən gənclərə sertifikatlar təqdim edilib.

Xəbərlər

2026 May

19.05.2026

“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramını uğurla başa vuran bir qrup gəncə sertifikatlar təqdim olunub. İki ay müddətində proqram çərçivəsində fəaliyyət göstərən könüllülər Konstitusiya Məhkəməsinin iş prinsipləri və fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə etmiş, onlara gələcək peşə fəaliyyətlərində faydalı olacaq nəzəri və praktiki biliklər qazandırılmışdır.

Məhkəmənin fəaliyyətində iştirak edən könüllülər Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Milli Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələridir.

Proqram müddətində könüllülər Konstitusiya Məhkəməsi Aparatının müxtəlif şöbə və sektorlarının fəaliyyəti ilə yaxından tanış olmuş, səlahiyyətli struktur bölmələrində praktiki təcrübə keçmiş, habelə məhkəməyə daxil olan sorğu və müraciətlərə baxılması prosesində iştirak etmişlər.

Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramında iştirak etmək arzusunda olan gənclərin müraciətlərinin qəbulu davam etdirilir.