07.05.2026
Mayın 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev ölkəmizdə səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan
Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Qonaqları salamlayan sədr Fərhad Abdullayev qeyd
edib ki, Azərbaycan və Monqolustan arasında formalaşmış sıx əməkdaşlıq əlaqələri
qarşılıqlı etimad və anlaşmaya əsaslanır, eyni zamanda hər iki dövlət arasında
olan münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.
Daha sonra sədr ölkəmizdə məhkəmə-hüquq sahəsində
aparılan islahatlar və yeniliklər, Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar
qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı
məlumat verib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Baş
prokuror Jarqalsayxan Banzraqç ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək
qiymətləndirərək, əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib və
bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində
qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini nəzərə
çatdıraraq, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi
üçün birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Daha sonra ikitərəfli əlaqələrin inkişaf
perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi
aparılıb.
Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin
binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.
