2011-07-13 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi – 13 il. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, vətəndaşların əsas hüquq və azadlıqlarını qorumaqdır

Xəbərlər

2011 Jul

“...Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarlarla hər kəsin Azərbaycan Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə dəyərli töhfəsini vermişdir”.
Ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin yaradılmasının beşinci ildönümü münasibətilə təbrik məktubundan.
Müasir dövrdə dünyanın sivil cəmiyyətləri qarşısında duran mühüm vəzifələrdən biri qanunların aliliyini, insan və vətəndaş hüquqlarını və əsas azadlıqlarını təmin edən, demokratik dəyərlərə əsaslanan hüquqi dövlət quruculuğudur. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qarşısında da hüquqi dövlətin qəbul olunmuş ümumi prinsiplərinin reallaşdırılması üçün zəruri tədbirləri həyata keçirmək vəzifəsi dururdu. Lakin müstəqilliyin ilk illərində ölkədə siyasi sabitliyin və xalqın mənafelərini əks etdirən siyasi iradənin olmaması bu vəzifənin reallaşdırılmasını qeyri-mümkün edirdi. Müstəqilliyin ilk illərinin təcrübəsi göstərdi ki, əldə olunmuş istiqlaliyyəti qoruyub saxlamaq, inkişaf etdirmək, ən azı, onu əldə etmək qədər çətin və bir o qədər də şərəfli vəzifədir.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütövlüyünü təhlükə altında qoyan təhdidlərin aradan qaldırılması, siyasi sabitliyin təmin olunması ölkə həyatının bütün sahələrində genişmiqyaslı islahatların başlanmasına şərait yaratdı. Vətəndaş cəmiyyətinin bərqərar edilməsini, hüquqi dövlət quruculuğunu öz inkişafının başlıca istiqamətləri kimi seçən Azərbaycan dövləti qısa müddətdə irimiqyaslı qanunvericilik islahatlarını reallaşdırdı, institusional səviyyədə bir sıra yeni təsisatlar yaradıldı, beynəlxalq birliyə sürətli inteqrasiya sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildi. Başlanılmış islahatlar fonunda ən mühüm hadisələrdən biri 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi oldu.
Qeyd etmək yerinə düşər ki, vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini müəyyənləşdirən konstitusiyalar müasir cəmiyyətlərin həyatında mühüm əhəmiyyətə malikdir. Hüquqi və siyasi sistemin təməlini əks etdirən Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durur, onun qəbulu, xüsusən də oradakı müddəaların reallaşdırılması ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili qismində çıxış edir. Bu baxımdan, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə gərgin əməyin və səylərin nəticəsi olan bu ümummilli əhəmiyyətli sənədin qəbulu dövlətçiliyimizin inkişafı tarixində yeni səhifə açdı. Əsas Qanun cəmiyyətin və dövlətin inkişafının strateji məqsəd və vəzifələrini müəyyənləşdirdi, hüquqi xarakterlə yanaşı, siyasi aspektə də malik olmaqla, siyasi proses və münasibətlərə tənzimləyici təsir göstərən akt rolunu oynadı.
Təqdirəlayiqdir ki, ölkəmizin Əsas Qanunu hazırlanarkən ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların inkişaf meyilləri də nəzərə alınmış, onlar özünəməxsus milli dəyərlər və artıq təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirilmişdir. Konstitusiyaya əsasən hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmininin Azərbaycan dövlətinin ali məqsədi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) üzərində üstünlüyü Əsas Qanunun mütərəqqi xarakter daşımasının göstəricisidir.
Konstitusiyanın gətirdiyi yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan institutun – konstitusiya nəzarəti orqanının yaradılmasının nəzərdə tutulması idi. Qeyd edilməlidir ki, hüquqi mədəniyyətin mühüm ünsürləri olan Konstitusiya və konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir. Konstitusiya ədalət mühakiməsinin məqsədi bu və ya digər dövlətin ərazisində ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində Konstitusiyanın aliliyinin, habelə birbaşa qüvvəsinin təmin edilməsidir. Hüquqi dövlətdə isə konstitusiya ədalət mühakiməsi funksiyalarının həyata keçirilməsi konstitusiya nəzarəti orqanlarının Konstitusiya və qanunlarla nəzərdə tutulmuş səlahiyyətlərinin reallaşdırılması yolu ilə mümkündür.
Bu baxımdan konstitusiya nəzarəti ideyası Konstitusiyanın aliliyinin və birbaşa qüvvəsinin təmin edilməsinin mühüm mexanizmlərindən biri kimi formalaşmış, müasir dövrdə isə demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin ayrılmaz atributlarından birinə çevrilmişdir.
Klassik mənada konstitusiya nəzarəti ictimai hakimiyyətin ümumməcburi aktlarının Konstitusiyaya uyğunluğunun təmin edilməsinin vasitəsi kimi qəbul olunur və Konstitusiyaya zidd aktların qüvvədə olmasının qarşısını almağa xidmət edir. Bu anlayış bütün qanunvericilik sisteminə nəzarət, bu sistemi konstitusion nöqteyi-nəzərdən təftiş etmə, konstitusiya normalarının təfsiri vasitəsilə hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir.
Tarixi inkişaf o cümlədən belə nəzarətin həyata keçirilməsinin müxtəlif modellərinin yaranmasını şərtləndirmiş, konstitusiya nəzarəti orqanlarının səlahiyyətləri getdikcə əhəmiyyətli dərəcədə genişlənmiş, Konstitusiyanın və qanunların şərh edilməsi, hakimiyyət qolları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həlli, seçkilərin nəticələrinin təsdiqi və ya ləğvi, dövlətin yüksək vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamlara baxılması və s. səlahiyyətlər konstitusiya ədalət mühakiməsi orqanlarına həvalə edilmişdir. Eyni zamanda, konstitusiya nəzarəti normativ aktların daha geniş dairəsi üzərində həyata keçirilməyə başlamış, belə nəzarətin yurisdiksiyasına qanunlarla yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də məhkəmə və yerli özünüidarəetmə orqanlarının aktları, habelə beynəlxalq müqavilələr aid edilmişdir.
XXI əsrdə ictimai inkişafın daim yeniləşən meyilləri bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsini şərtləndirir, insan və vətəndaş hüquqlarının və əsas azadlıqların tam təmin olunması və vətəndaşların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılmasına cavabdeh olan dövlət strukturlarına qarşı əlavə tələblər irəli sürür və bununla da cəmiyyətdə konstitusiya nəzarətinin rolunu və əhəmiyyətini daha da artırır. Heç şübhəsiz, istənilən dövlətin, o cümlədən yeni müstəqillik əldə etmiş dövlətlərin mövcudluğunu hüququn tənzimləyici fəaliyyəti olmadan, habelə bu və ya digər dövlətin sabit fəaliyyətini Əsas Qanunun müdafiəsini həyata keçirən konstitusiya nəzarəti olmadan təsəvvür etmək mümkün deyildir. Belə ki, hüquqi dövlətdə konstitusiya nəzarəti orqanının fəaliyyəti vasitəsilə qanunvericilik sistemində olan kolliziyaları aradan qaldırmaq, dövlət orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri istisnasız olaraq hüquqi vasitələrlə həll etmək, hüququn aliliyini təmin etmək, pozulmuş hüquq və azadlıqların bərpası imkanı yaranır, hüququn tətbiqi praktikasında ahəngdar, məntiqi inkişaf təmin olunur, sosial-siyasi subyektlər arasındakı münaqişələrin qarşısı alınır, siyasi sistemin əsas subyektlərinin davranışı üzərində konstitusiya nəzarəti həyata keçirilir.
Bu baxımdan 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması olduqca mütərəqqi və əhəmiyyətli hadisə idi. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, konstitusiya nəzarəti orqanının real fəaliyyətə başlaması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.
Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək və hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Bunu nəzərə alaraq, əminliklə qeyd etmək olar ki, konstitusiya ədalət mühakiməsi qanunun aliliyinin təmin edilməsinin, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin mühüm mexanizmlərindən biri qismində çıxış edir.
Məlum olduğu kimi, konstitusiya nəzarəti orqanı olan konstitusiya məhkəmələri, eyni zamanda, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin mühüm hüquqi vasitələrindən biri kimi çıxış edir. Belə ki, hüquq və azadlıqların pozulması yalnız dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə deyil, həm də qanunların Konstitusiyaya zidd olması ilə əlaqədar ola bilər. Bu səbəbdən dövlət hər kəsin öz hüquq və azadlıqlarını müdafiə etməsi üçün real imkanlar yaradır. Bu baxımdan məhkəmə müdafiəsi hüququnun təzahür formalarından biri də şəxsin ümumi yurisdiksiyalı məhkəmələrlə yanaşı, həm də konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət etməsi imkanıdır.
Ümumiyyətlə, konstitusiya nəzarətinin səmərəli həyata keçirilməsi habelə bu institutun özünün təkamülünü nəzərdə tutur. Digər tərəfdən, ölkəmizdə geniş vüsət almış demokratikləşmə prosesləri, məhkəmə islahatları, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin hüquqi mexanizmlərinin daha da gücləndirilməsi, Azərbaycanın Avropa ailəsinə yaxından inteqrasiyası və Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi kimi 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın mətninə edilmiş əlavə və dəyişikliklər nəticəsində konstitusiya nəzarətinin obyektinə daxil olan aktların və Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənmiş, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə etmişlər. Bu isə, öz növbəsində, konstitusiya ədalət mühakiməsinin dünyada gedən müasir inkişaf meyillərinə cavab verəcək Məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuş, Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi üçün əlverişli zəmin yaratmışdır.
Konstitusiya islahatlarının ardınca qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətlərə baxılması prosedurları müəyyənləşdirilmişdir. Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Qeyd olunan nəzarətin yurisdiksiyasına normativ hüquqi aktların geniş spektri daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətini həyata keçirmək, Konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.
Konstitusiya Məhkəməsinin əsas səlahiyyəti şübhəsiz ki, Konstitusiyanın 130-cu maddəsində sadalanmış normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasıdır. Bu səlahiyyəti vasitəsilə Məhkəmə Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə onu qüvvədən düşmüş elan edir.
Bununla da həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur.
Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Bu səlahiyyət Məhkəməyə bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla onun real konstitusiya - hüquqi predmetini hüquqtətbiqedicilərin nəzərinə çatdırmağa və həmin normanın məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsini formalaşdırmağa imkan verir. Mühüm məqam ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq norması müasir dəyərlər baxımından dolğunlaşdırılaraq daha təkmil forma alır və həmin normanın hər hansı digər qeyri-konstitusion formada tətbiqi mümkünsüz olur, beləliklə də, normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir. Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, Məhkəmə tərəfindən qəbul edilmiş 203 qərardan 71-i ayrı-ayrı qanunların, 2-si isə Konstitusiyanın müxtəlif müddəalarının şərh edilməsinə dair olmuşdur.
Artıq qeyd edildiyi kimi, 2004-cü ilin yanvar ayından Avropa Şurasının ekspert və mütəxəssislərinin iştirakı ilə hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsinə fərdi şikayətlər institutu fəaliyyətə başlamışdır. Keçən dövrün təcrübəsi göstərdi ki, ölkə vətəndaşları öz hüquqlarının müdafiəsinin səmərəli vasitəsi qismində fərdi şikayət verilməsi hüququndan kifayət qədər fəal istifadə edirlər. Bu günədək Konstitusiya Məhkəməsinə verilmiş fərdi şikayətlərin əksəriyyəti məhkəmə aktlarından olmuş, Məhkəmə tərəfindən qəbul edilmiş 203 qərardan 78-i fərdi şikayətlər üzrə qərarların payına düşür. Həmin qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, o cümlədən məhkəməyə müraciət etmək hüququ, mülkiyyət hüquqlarının müdafiəsinə, əmək, mənzil, sosial-təminat, birləşmək hüququ və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılmışdır.
Konstitusiya şikayəti institutu insan hüquqlarının və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından biridir və Konstitusiya sadəcə deklarativ müddəalardan ibarət sənəd deyil, birbaşa qüvvədə olan normalar məcmusuna çevrilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu mənada qeyd etmək yerinə düşər ki, Konstitusiyanın aliliyi prinsipinin reallaşdırılması, habelə vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsi digər yeni demokratiya dövlətlərində olduğu kimi ölkəmizdə də bəzi çatışmazlıqlarla müşayiət olunur. Belə ki, bəzi hallarda hüquqtətbiqedici Konstitusiyanı öz gündəlik fəaliyyətindən uzaq, praktik əhəmiyyətə malik olmayan deklarativ sənəd kimi nəzərdən keçirir. Halbuki demokratik, hüquqi dövlət quruculuğunun təməl dəyərləri hüquqtətbiqedicinin bu cür yanaşmasının əsaslı dəyişməsini zəruri edir.
Məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üzrə Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışarkən bir məqamı yaddan çıxarmaq olmaz ki, bu səlahiyyət Konstitusiya Məhkəməsini heç bir halda növbəti məhkəmə instansiyasına çevirmir. Belə ki, Konstitusiya Məhkəməsi hüquqi aktların qanuniliyini yoxlayarkən müstəsna hüquq müdafiə vasitəsi kimi çıxış edir və heç bir halda mülki və ya cinayət işlərinə mahiyyəti üzrə baxmır.
Əsas Qanunla nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirərkən Konstitusiya Məhkəməsi hakimiyyətin digər qolları ilə qarşılıqlı fəaliyyət göstərir, qəbul etdiyi qərarları ilə milli hüquq sisteminin formalaşmasına, qanunvericiliyin inkişafına öz töhfəsini verir, onu konstitusiya ideyaları ilə zənginləşdirir. Bu, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırılan hüquqi mövqelər vasitəsilə edilir. Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsi istisnasız olaraq qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir, hakimiyyətin digər qollarının normayaratma fəaliyyətinə müdaxilə etmir və ümumiyyətlə məqsədəmüvafiqlik mülahizələrini rəhbər tutmur. Lakin məhz ali konstitusiya nəzarət orqanına xas olan və bir çox halda hüquq tənzimlənməsi sahəsində mövcud boşluqları aradan qaldıran – Konstitusiyanın və qanunların rəsmi şərhi, Konstitusiyaya uyğun olmayan hüquq normalarının qüvvədən düşməsi, müvafiq tövsiyələrin verilməsi kimi fəaliyyət sahələri yeni hüququn ortaya çıxmasına səbəb olmaya bilməz. Məhkəmənin belə fəaliyyəti həm demokratik mahiyyəti, həm də mövcud sistemə müvafiqliyi baxımından milli hüququmuzun inkişafının ümumi qanunauyğunluğundan və inkişaf istiqamətlərindən kənara çıxmır, konstitusiya hüquq elmi vasitəsilə hüquq elminin və müsbət hüququn bazasında yeni hüquq prinsipləri yaranır.
Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun hüquqi mövqelərinə də şamil edilir, bəzən bu hüquqi mövqelər müstəqil əhəmiyyət qazanaraq, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil olunur və bu mənada həmin qərarlar ümumi məhkəmələr üçün əhəmiyyətli mənbə qismində çıxış edir.
Mövcud normativ hüquqi aktlara əsaslanan fəaliyyəti və qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiə edilməsi ilə ayrılmaz və sıx əlaqədədir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasında demokratik, hüquqi dövlətin möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsas istiqaməti olmaqla, həm də Məhkəmənin fəaliyyət predmetinə daxil olan normativ hüquqi aktların Konstitusiyaya və özündən yüksəkdə duran digər normativ hüquqi aktlara uyğunluğunun müəyyənləşdirilməsinin başlıca meyarlarıdır.
Konstitusiya Məhkəməsi bəzən baxdığı işlərdə məsələnin müstəsna olaraq hakimiyyətin digər qollarından birinin səlahiyyətinə aid olduğunu nəzərə alaraq, həmin orqanlara Konstitusiya Məhkəməsinin qərarından irəli gələn müvafiq qanunvericilik nizamlamalarının həyata keçirilməsinə və ya əlavə tədbirlərin görülməsinə dair tövsiyələr vermişdir. Hüquqi təbiətinə və qüvvəsinə görə belə tövsiyələr Konstitusiya Məhkəməsinin qərarında formalaşdırılmış hüquqi mövqelərə əsaslanan qərarın tərkib hissəsi kimi qəbul edilməlidir.
Konstitusiyanın aliliyinin, vətəndaşların qanuni maraqlarının, hüquq və azadlıqlarının müdafiəsində dayanaraq Konstitusiya Məhkəməsi dəfələrlə müvafiq hakimiyyət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinə, Nazirlər Kabinetinə qanunvericiliyin bu və ya digər normalarının təkmilləşdirilməsinə dair tövsiyələrlə çıxış etmişdir.
Bu gün konstitusiya nəzarəti orqanları qarşısında duran mühüm vəzifələrdən biri də Konstitusiyanın mütəmadi olaraq inkişaf etdirilməsi, ona dinamizm qazandırılmasıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz fəaliyyəti ilə bu işə əhəmiyyətli töhfə verməkdədir. Belə ki, dövlətin Əsas Qanunu bir tərəfdən siyasi sabitliyin təminatçısı kimi qəbul edilir, digər tərəfdən isə o, cəmiyyətin konkret hədəflərə yönəlmiş inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu mənada, cəmiyyətdə sabitliyin mühüm amili kimi Konstitusiyanın rolu qorunmaqla yanaşı, onun mətnində tez-tez dəyişikliklər edilmədən demokratik inkişafa dinamik təsir göstərilir. Belə təsirin vasitələri kimi isə qanunvericiliyin və məhkəmə təcrübəsinin mütəmadi təkmilləşdirilməsi, o cümlədən Konstitusiya normalarının rəsmi şərhi çıxış edir.
Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin müasir meyillərini davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir. Məhkəməmiz eyni zamanda, beynəlxalq təcrübəyə böyük diqqət yetirməklə, öz qərarlarında beynəlxalq hüququn müddəalarına, eləcə də Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Bu, ilk növbədə qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiqinin zəruriliyindən irəli gəlir. Digər tərəfdən isə, bu, daha keyfiyyətli qərarların qəbul edilməsinə, həmçinin məhkəmənin mövqeyinin zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.
Konstitusiya Məhkəməsi, habelə fəaliyyətə başladığı dövrdən xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və başqa beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirmiş, Türkiyə, Rusiya, Almaniya, Avstriya, İtaliya, Bolqarıstan, Polşa, Moldova, Belarus, Ukrayna, Çin, İsrail, Koreya Respublikası və bir sıra digər ölkələrin müvafiq təsisatları ilə sıx ikitərəfli əməkdaşlıq qurmağa müvəffəq olmuşdur.
Böyük fərəh hissi ilə qeyd etmək istərdik ki, 13 il bundan öncə Azərbaycan hüquq sistemi və ictimaiyyəti üçün tamamilə yeni institut olan Konstitusiya Məhkəməsi ötən illər ərzində ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmuş, qəbul etdiyi qərarları ilə hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının möhkəmləndirilməsinə töhfəsini verməyə çalışmışdır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan şərəfli dövrünü yaşayır. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, dövlət və cəmiyyət həyatının bütün sahələrində nailiyyətlər əldə olunur, genişmiqyaslı quruculuq işləri və sosialyönümlü layihələr uğurla həyata keçirilir, Azərbaycanın müdafiə qabiliyyəti və hərbi qüdrəti günbəgün daha da möhkəmləndirilir. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bu gün regional və qlobal əhəmiyyətli layihələrin sadəcə iştirakçısı deyil, həmçinin təşəbbüskarı qismində çıxış edir. Davamlı və dinamik inkişaf, demokratik nailiyyətlərin əldə olunmasına yönəlmiş məqsədyönlü fəaliyyət demokratik-hüquqi islahatların da davam etdirilməsini zərurətə çevirir. Əminik ki, Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcəkdir.

Fərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri