10.04.2026
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə
iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin
icra orqanının rəhbəri” anlayışının şərh edilməsinə dair Konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim
O.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin
müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Vəkillər
Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi,
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş
mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru A.Mirzəyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 73-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri - əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin
23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri”
anlayışı xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərini də ehtiva
edir.
Müvafiq məsələyə baxılarkən hüquq tətbiqedən orqanlar tərəfindən
vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı ilkin
sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq
edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməli, belə
tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib
çıxarmamalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.
