09.04.2026
Aprelin 9-da Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev ölkəmizdə səfərdə olan Slovakiyanın ombudsmanı Robert
Dobrovodskinin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Qonaqları salamlayan sədr Fərhad Abdullayev Azərbaycan
və Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyin mövcud olduğunu, münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd
edib.
Daha sonra sədr
Konstitusiya Məhkəməsinin fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq sahəsində
aparılan islahatlar və yeniliklər barədə məlumat verərək, insan hüquqlarının təmin
olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrin əhəmiyyətini
vurğulayıb. Eyni zamanda, konstitusiya hüquqlarının təmin edilməsi sahəsində
Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlığı
xüsusi qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Robert
Dobrovodski ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, digər sahələrdə olduğu kimi məhkəmə-hüquq sahəsində
də bu münasibətlərin inkişafının
vacibliyini nəzərə çatdırıb. Eyni zamanda, ombudsman hər iki ölkənin
insan hüquqlarının qorunması sahəsində qazandığı təcrübənin qarşılıqlı faydalı əməkdaşlıq
üçün geniş imkanlar açacağını vurğulayıb.
Daha sonra tərəflər arasında gələcək əlaqələrin
inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə
olunub, hüquqi məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının insan hüquqları
üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsi Aparatının və
Ombudsman Aparatının məsul əməkdaşları da iştirak edib.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə
tanış olublar və xatirə şəkilləri çəkdiriblər.
