06.04.2026
Aprelin
6-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının
Ali Məhkəməsinin Baş prokuroru cənab Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.
Qonaqları
salamlayan sədr Fərhad Abdullayev xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən
və ənənələrindən güc alan Azərbaycan-Türkiyə qardaşlığının dünya ölkələrinə bir
nümunə olduğunu vurğulayıb.
İki
qardaş ölkə arasında sarsılmaz münasibətlər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata
keçirdikləri uğurlu siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə
yüksəldiyi qeyd olunub. Böyük geosiyasi və iqtisadi potensiala malik dövlətlərimizin
strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün
sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə
yönəlib.
Bildirilib
ki, tarixin önəmli anlarında dövlətimizə dayaq olmuş qardaş Türkiyənin Vətən
müharibəsində və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmizin
yanında olması xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün Əsas
Qanunun hüquqi qüvvəsi suveren republikamızda tam bərpa edilib və işğal altında
olan torpaqlarımızın azad edilməsi ilə həm də vətəndaşların konstitusiyada təsbit
olunan hüquqlarının müdafiəsi təmin olunub.
Daha
sonra sədr Azərbaycan ilə Türkiyə
arasında mövcud olan qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq
sistemində uğurla inkişaf etdiyini vurğulayıb.
Türkiyə
Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk göstərilən qonaqpərvərliyə
görə minnətdarlığını ifadə edərək, ikitərəfli əlaqələri yüksək qiymətləndirib,
bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Qonaq
vurğulayıb ki, “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan əməkdaşlıq
dövlət institutları arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstək baxımından
mühüm əhəmiyyət kəsb edir.
Görüş
zamanı konstitusiya ədalət mühakiməsinin rolu, hüquq sistemlərinin inkişafı, məhkəmə
və prokurorluq institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi ətrafında
fikir mübadiləsi aparılıb. Tərəflər hüququn aliliyinin təmin olunması, insan
hüquq və azadlıqlarının qorunması istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin
vacibliyini qeyd ediblər.
