30.01.2026
Yanvarın 30-da Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib.
İclası açan Fərhad Abdullayev bildirib ki, ötən il
Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas
hadisə - İkinci Qarabağ müharibəsində tarixi Zəfərin beşinci və müstəqil dövlətimizin
ilk Konstitusiyasının qəbul edilməsinin otuzuncu ildönümü kimi qeyd edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya
və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncamını rəhbər tutaraq
Konstitusiya Məhkəməsi hesabat ili ərzində bir sıra tədbirlər həyata keçirib.
Sədr xüsusilə vurğulayıb ki, Konstitusiyanın 30
illik yubileyinə həsr olunan 16 iyul və 12 noyabr tarixlərində keçirilən beynəlxalq
konfranslar və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının
(TÜRK-AY) birinci konqresi ötən ilin yaddaqalan hadisələrindəndir. Qeyd olunub
ki, Konqres çərçivəsində Türk dövlətləri arasında konstitusiya ədalət mühakiməsi
sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən, türk dövlətlərinin
konstitusiya müvafiq orqanları arasında hüquqi əməkdaşlığın vacibliyini əks
etdirən “Bakı Bəyannaməsi” imzalanıb. Həmçinin, Azərbaycan Konstitusiya Məhkəməsi
ilə Türkiyə Konstitusiya Məhkəməsi, eləcə də Azərbaycan Konstitusiya Məhkəməsi
ilə İraq Federal Ali Məhkəməsi arasında Anlaşma memorandumları imzalanıb.
Sədr Fərhad Abdullayev bildirib ki, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə nəticəsində
Konstitusiyamızın ali qüvvəsi respublikamızın bütün ərazisində bərqərar edilib.
Bu tarixi Zəfərlə Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş “Azərbaycan
Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi
reallığa çevrilib, beynəlxalq hüquq normaları və təməl prinsiplərin aliliyi təmin
edilib. Eyni zamanda, Konstitusiyanın 30 illiyi və böyük Qələbəmizin 5 illiyi təkcə
bir tarix deyil, həm də məsuliyyət çağırışıdır. Qarşımızda duran vəzifə - Əsas
Qanunun dəyərlərini qorumaq, həmin dəyərləri gələcək nəsillərə ötürməkdir.
Sədr qeyd edib ki, ötən il dövlətimizin
konstitusiya dəyərlərinə sadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolunda
qazandığı nailiyyətlərin rəmzi ifadəsi kimi ölkə başçısı tərəfindən “Azərbaycan
Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan
Respublikasının yubiley medalı təsis edilib. Sərəncamın icrasına uyğun
Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə,
qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası
Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə,
Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının
müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına
töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər
Konstitusiya Məhkəməsinin sədri tərəfindən təltif ediliblər.
Qeyd olunub ki,
ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə Müvəkkilin
(Ombudsman) sorğuları və məhkəmələrin müraciətləri ilə bağlı Konstitusiya Məhkəməsinin
Plenumu tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Plenum tərəfindən baxılmış
konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar
qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və
cinayət prosessual, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək,
inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh edib, qərardadlarda
isə tətbiqedici orqanlar üçün praktik izahlar verib.
Nəzərə çatdırılıb ki, hazırda Konstitusiya Məhkəməsi
daxilində tətbiqi nəzərdə tutulan və süni intellektdən istifadəyə əsaslanan
yeni elektron platformanın ilkin versiyası hazırlanıb. Yeni sistem informasiya
təhlükəsizliyinin qorunması baxımından önəmli olmaqla yanaşı bir sıra əsas vəzifələri
də həyata keçirəcək, internetə çıxış olmadan süni intellektdən istifadə etməklə
məlumatların çevik axtarışı və sənədlərin hazırlanması, məlumatların əməkdaşlar
arasında operativ sənəd mübadiləsinin təşkili
iş prosesini xeyli sadələşdirəcək.
İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın
müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin,
Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində
toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası,
tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr
dinlənilib.
Sədr yekun nitqi ilə
çıxış edərək diqqətə çatdırdı ki, Konstitusiya
Məhkəməsi müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin
edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və
qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi
çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirməyə çalışacaq. Bildirilib ki, Konstitusiya Məhkəməsi
qanunvericiliyin müasir sosial-siyasi reallıq baxımından Konstitusiyanın hərfi
mənasına və ruhuna uyğun şəkildə inkişafına töhfəsini verəcəkdir.
Daha sonra 2025-ci ilin yekunlarına dair geniş
fikir mübadiləsi aparılıb, eləcə də, səsləndirilən rəy və təkliflər dinlənilib.