27.01.2026
Fərhad Abdullayevin sədrliyi ilə
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsi
baxımından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi (az əhəmiyyətli əməllər) ilə
228.1-ci maddəsinin (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) birgə şərh
edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu üzrə qərar
qəbul edilib.
Qərarda qeyd
edilir ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, hansısa əməldə cinayətin
formal əlamətləri olsa belə, əgər həmin əməl az əhəmiyyətlidirsə və cəmiyyət
üçün real təhlükə yaratmırsa, bu əməl cinayət hesab edilmir. Yəni, şəxsiyyətə,
cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər
cinayət məsuliyyəti yaratmır.
Konstitusiya Məhkəməsi öz Qərarında vurğulayır ki,
“az əhəmiyyətli əməl” dedikdə, ictimai təhlükəlilik xüsusiyyəti olmayan
davranışlar nəzərdə tutulur və belə əməllər mahiyyətinə görə cinayət anlayışına
daxil edilmir.
Eyni zamanda qeyd olunur ki, “az əhəmiyyətlilik”
anlayışı qiymətləndirici xarakter daşıyır. Yəni hər bir konkret halda əməlin az
əhəmiyyətli olub-olmamasını müəyyən etmək hüquq tətbiq edən orqanların –
istintaq, prokurorluq və məhkəmələrin səlahiyyətindədir. Bu qiymətləndirmə
aparılarkən işin bütün faktiki halları hərtərəfli araşdırılmalı, əməlin kimə,
hansı obyektə yönəldiyi, hansı şəraitdə törədildiyi və şəxsin niyyəti nəzərə
alınmalıdır.
Qərarda Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə də
xüsusi diqqət yetirilir. Həmin maddəyə əsasən, qanunsuz olaraq odlu silahın,
onun hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə
edilməsi, saxlanması, daşınması, başqasına verilməsi və ya gəzdirmə cinayət məsuliyyətinə
səbəb olur (yivsiz ov silahları və onların sursatları istisna olmaqla).
Konstitusiya Məhkəməsi qeyd edir ki, bu maddə üzrə
cinayət məsuliyyətinin yaranması üçün döyüş sursatının konkret sayına dair
qanunda hər hansı minimum hədd müəyyən edilməyib. Bunun səbəbi ondan ibarətdir
ki, döyüş sursatları müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə
yararlı bir ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə
yaratmaq potensialı mövcuddur.
Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir
ki, “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından,
Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən əməlin az əhəmiyyətli
olub-olmaması hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən
müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı)
yalnız hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən
digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və
s.) birlikdə qiymətləndirilməlidir.
