Konstitusiya Məhkəməsində Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Xəbərlər

2026 Jan

22.01.2026

Yanvarın 22-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovla görüş keçirib.

Qonağı salamlayan sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov arasında formalaşmış qarşılıqlı etimada əsaslanan əməkdaşlıq dövlətlərarası əlaqələrin möhkəmlənməsində vacib rol oynayır. İkitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında dostluq və qardaşlıq əlaqələri strateji tərəfdaşlıq dinamikasına mühüm təsir edir.

Sədr vurğuladı ki, Qırğız Respublikasının sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, xüsusilə də Qırğız Respublikasının Prezidentinin təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində orta məktəbin inşa edilməsi bu dəstəyin bariz nümunəsidir.

 Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatına üzv olan türkdilli ölkələrin konstitusiya ədalət mühakiməsi sahəsində fəaliyyət göstərən orqanları arasında hüquqi əməkdaşlıq mühüm əhəmiyyətə malikdir. Həmçinin, sədr vurğulayıb ki, Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) ortaq hüquqi dəyərlərin təşviqi baxımından önəmlidir.

Səfir Maksat Mamıtkanov səmimi qəbula görə minnətdarlığını bildirərək,  ölkələrimiz arasında əsrlər boyu yaranan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərinə, həmçinin Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın və səmərəli əməkdaşlığın mövcudluğuna toxunmuşdur. O, ölkəmizdə fəaliyyəti dövründə Qırğız Respublikasının Azərbaycan Respublikası ilə digər sahələrdə olduğu kimi,  məhkəmə-hüquq sahəsində də əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Daha sonra qarşılıqlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.