19.01.2026
Yanvarın
19-da Konstitusiya Məhkəməsində 20 yanvar faciəsi ilə bağlı anım tədbiri
keçirilib.
Tədbirin
əvvəlində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında qeyd etdi ki, Azərbaycan
tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 20 Yanvar hadisələrindən otuz
altı il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet
ordusunun hərbi hissələri müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək
üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı
cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da
olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Sədr
Fərhad Abdullayev bildirdi ki, xalqımıza qarşı törədilmiş bu cinayət, əslində,
bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror
aktıdır. Qanlı faciə zamanı 150 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər
yaralanıb, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o
cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına
pozulub.
Diqqətə
çatdırıldı ki, həmin qətliamdan bir gün sonra yanvarın 21-də xalqımızın Ulu Öndəri
Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, Bakıda
kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın o zamankı rəhbərliyini
kəskin tənqid edən bəyanat verdi. Azərbaycanda
vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız
bir neçə il sonra xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli
Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət
verildi.
Vurğulandı
ki, Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan
Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi
sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü
il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret
qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq,
xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş
hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Milli birlik və vətənpərvərliyin
simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı
mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan
paytaxtın ən yüksək nöqtəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanların
xatirəsini anır.
Azərbaycan
xalqı və dövləti 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutur. Ulu Öndər
Heydər Əliyevin yolunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev şəhidlərin
xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna
qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını
ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlət
başçısının 2006-cı il yanvarın 19-da “20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi ilə bağlı Fərmanı şəhidlərin
xatirəsinə xüsusi diqqətin təzahürüdür.
Tədbirin
sonunda xüsusilə qeyd edildi ki, Azərbaycanın azadlıq və müstəqilliyinə doğru
gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsi məhz bu səbəbdən Ümümxalq Hüzn Günü
olmaqla yanaşı, eyni zamanda xalqımızın şərəfli qəhrəmanlıq tarixi kimi də
xatırlanır və həmişə xatırlanacaqdır. Haqqın, ədalətin müdafiəsi yolunda
canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın
qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar. Bununla da, 20 Yanvar
faciəsi Vətənimizin şərəf və ləyaqət tarixinə çevrildi.
