19.12.2025
Konstitusiya
Məhkəməsində ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə təşkil
olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final
mərhələsi keçirilib.
Tədbirdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini
Ziya Qasımov çıxış edərək müsabiqənin tələbələrin hüquqi bilik və praktiki
bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb və onlara
uğurlar arzulayıb.
Konstitusiya
Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov
iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləyib, müsabiqənin insan
hüquqlarının müdafiəsi mexanizmlərinə və hüquqi düşüncə mədəniyyətinin
formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.
ELSA Azərbaycanın
rəhbəri Tarif Hüseynov və təşkilatın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə
vitse-prezidenti Səmayə Abbasquliyeva birgə əməkdaşlıq çərçivəsində keçirilən
Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının əhəmiyyətindən danışıb,
yarışın qaydaları barədə məlumat veriblər.
Sonra səhnələşdirilmiş
məhkəmə prosesi keçirilib.
Final mərhələsində
hakimlər qismində 9 nəfərlik tərkibdə kollegiyanın Aparat rəhbərinin müavini Səttar
Məmmədov, kollegiyanın üzvləri - Sevinc Əliyeva, Şəfa Camalzadə, Sadiq Bağırov
və Qəndab Fərəcova, habelə hüquqşünaslar Füzuli Cəbrayıllı, Nəzrin Əliyeva,
Orxan Bəşirli və Kamil Dəmirli iştirak ediblər.
Həlledici
mərhələdə “Aletheia” və “Corpus Delicti” komandaları üz-üzə gəlib. Müsabiqənin
nəticələrinə əsasən, “Corpus Delicti” komandasını təmsil edən Bakı Dövlət
Universitetinin (BDU) III kurs tələbələri Gülnar Mütəllibova və Zəhra Hüseynova
I yerə layiq görülüb, həmçinin “Ən yaxşı memorial (cavabdeh kimi)” nominasiyası
üzrə qalib elan olunublar.
“Aletheia”
komandasının üzvləri, BDU-nun II kurs tələbələri Aydan Məcidli və Aytac Məmmədova
II yeri tutaraq “Ən yaxşı memorial (ərizəçi kimi)” nominasiyasına layiq
görülüblər. Eyni zamanda, Gülnar Mütəllibova müsabiqənin “Ən yaxşı natiqi”
seçilib.
Sonda Vəkillər
Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov çıxış edərək qalib
komandaları təbrik edib.Qaliblərə mükafatlar təqdim olunub.
